Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əyyub bəy Rəfibəyov — həyatı və yaradıcılığı.
Əyyub bəy Rəfibəyov 1890-cı ildə Gəncə şəhərinin Bala Bağman məhəlləsində, "Difai" partiyasının qurucusu Ələkbər bəy Rəfibəylinin (1839-1919) qardaşı Məşədi bəy Rəfibəylinin ailəsində dünyaya gəlib. İlk təhsilini rus dilli liseydə alıb. 1909-cu ilin sentyabrında Yelizavetpol (Gəncə) şəhərinin 3-cü hissəsinin pristav köməkçisi işləyib, bir müddət həmin hissənin pristavı vəzifəsini icra edib.
1917-ci ilin sonlarında Yelizavetpol şəhər polisinin pristavı təyin olunub. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Əyyub bəy Rəfibəyov yenə Gəncə şəhər polisinin pristavı təyin edilib. 1920-ci ilin aprelində isə Nuxa (Şəki) qəzasının rəisi idi.
Aprel işğalından (1920) sonra sovet-bolşevik rejiminə qarşı Gəncə üsyanının (1920) fəal iştirakçılarından olub. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Əyyub bəy Azərbaycan milli ordusunun Qarabağdakı I piyada alayının komandiri olan qardaşı Səməd bəy Rəfibəyli (1891-1980), əmisi oğlu Qafar bəy və digər şəxslərlə birlikdə müstəqilliyi bərpa etmək üçün Gəncə üsyanında yaxından iştirak ediblər. Üsyan amansızlıqla yatırıldıqdan sonra, təqiblərdən qurtularaq 1920-ci ilin iyununda bir qrup silahdaşı ilə bərabər Türkiyəyə keçə bilib.
Türkiyənin xüsusi xidmət orqanlarında fəaliyyət göstərib. 1941-ci ildə Türkiyə kəşfiyyat idarəsinin Qars filialının rəis müavini təyin edilib. Türkiyədə Əyyub Sayqın adını daşıyib.
Əyyub Sayqın 1979-cu ildə Ankarada vəfat edib. Yeri gəlmişkən, qeyd edək ki, Rəfibəylilər Azərbaycan xalqının tanınmış soylarından biridir. Gəncə xanlığının məşhur simalarından olan Rəfi bəyin övladları rus üsul-idarəsi dönəmində Rəfibəyov soyadını qəbul ediblər.
Türkiyədə 3 fərqli soyadla yaşayıblar. Sayqın, Arran və Əskəran… RUHLARI ŞAD OLSUN!!!
