Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyov musiqi məktəbinə yeni tələbələr qəbul edirdi. İmtahan zamanı bir qızın istedadı onu xüsusilə heyran etdi. Üzeyir bəy qızı ürəkdən təbrik edib dedi: – Təbrik edirəm, qızım. Sənə təhsilində uğurlar arzulayıram. Bu vaxt qız ağlamağa başladı. Üzeyir bəy onun sevincdən ağladığını düşündü. Lakin qız hıçqıra – hıçqıra: – Hörmətli müəllim, məni məktəbə qəbul etdiniz, çox sağ olun. Amma mən oxuya bilməyəcəyəm.Üzeyir bəy təəccüblə soruşdu: – Niyə, qızım? – Çünki evdə pianom yoxdur. – Eybi yoxdur, qızım. Ümidini itirmə.Bunu deyib Üzeyir bəy köməkçi müəllimin qulağına nə isə pıçıldadı. Qız imtahan otağından ayrılanda Üzeyir bəyin assistenti də onun arxasınca çıxdı. Dəhlizdə qızı səsləyib dedi: – Sən tərcümeyi-halını yazmalısan. Orada ünvanını da göstərməyi unutma. Axşam evə qayıdarkən qızın anası onu sevinclə qarşıladı: – Qızım, evimizə piano gətirdilər, sənin adını soruşdular, sonra pianonu qoyub getdilər. Nə qədər xəbər aldım, “nə məsələdir”, – soruşdum, heç nə söyləmədilər. Bu qız sonralar Azərbaycanın görkəmli bəstəkarı olacaq, Şərqdə ilk operanı yazacaq xanım bəstəkar Şəfiqə Axundova idi. Allah hər iki şəxsiyyətə rəhmət eləsin!
Mənbə: oxu24.com
Əsas mənbə: oxu24.com
