Vətənim Media xəbər verir ki, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Prezident İlham Əliyev çıxışında Azərbaycanın ötən ilin noyabrında formata tamhüquqlu üzv qəbul edilməsini tarixi qərar kimi dəyərləndirib və bu təşəbbüsə dəstəyə görə tərəfdaş ölkələrə təşəkkür edib.
Dövlət başçısı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi və investisiya əlaqələrinin genişləndiyini bildirib. Onun sözlərinə görə, ötən il qarşılıqlı ticarət dövriyyəsi 50 faizdən çox artıb, Azərbaycanda region ölkələrinin kapitalı ilə 400-dən artıq şirkət fəaliyyət göstərir. Əliyev birgə investisiyaların, istehsalın və sənaye əməkdaşlığının artırılmasının vacibliyini vurğulayıb.
Çıxışda nəqliyyat və energetika əməkdaşlığı da diqqət mərkəzində olub. Prezident Orta Dəhlizlə yükdaşımaların ötən il 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artdığını qeyd edib. O, Xəzər üzərindən daşımaların inkişafını, Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlini, eləcə də Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaradılması istiqamətində görülən işləri xatırladıb.
Əsas mənbə: APA
