Vətənim Media xəbər verir ki, oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb. Tərəflər qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəni qeyd edib, ötən ildən bəri ən yüksək səviyyədə beş səfərin baş tutmasını siyasi dialoqun fəallığının göstəricisi kimi dəyərləndiriblər.
Görüşdə siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi, Xəzər dənizi ilə bağlı məsələlər və beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət müzakirə olunub. Dövlət başçıları Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün regional tərəfdaşlıq üçün əhəmiyyətini vurğulayıblar. İlham Əliyev Azərbaycanın ötən ilin noyabrında formata tamhüquqlu üzv qəbul edilməsini xatırladaraq, bu təşəbbüsə dəstəyə görə minnətdarlığını bildirib. Tərəflər əməkdaşlığın gələcək istiqamətləri barədə də fikir mübadiləsi aparıblar.
Əsas mənbə: APA
