Vətənim Media xəbər verir ki, İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda sülh proseslərində itkin düşənlərin taleyinin araşdırılması və humanitar əməkdaşlıq müzakirə olunub. Panel iştirakçıları bu məsələnin sülh danışıqlarından sonraya saxlanmamalı, prosesin tərkib hissəsi kimi nəzərdən keçirilməli olduğunu bildiriblər.
Monteneqronun sabiq müdafiə naziri Milica Durişiç Balkan müharibələrindən illər keçsə də, ailələrin yaxınlarının taleyi barədə cavabsız suallarla yaşadığını qeyd edib. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Uğur Bayraktutan axtarışlarda dövlət qurumları ilə yanaşı məhkəmələrin, ekspertlərin, vətəndaş cəmiyyətinin və ailələrin iştirakının vacibliyini vurğulayıb. Ukrayna ombudsmanı Dmytro Lubinets ölkəsində təxminən 113 min nəfərin itkin düşmüş kimi qeydiyyata alındığını, ən azı 20 610 uşağın Rusiyaya deportasiya edildiyini və ya zorla köçürüldüyünü bildirib.
Pakistanlı vəkil Muhammad Sohail Sajid DNT imkanlarının və dəqiq məlumat mübadiləsinin axtarışlara töhfə verdiyini deyib. İştirakçılar müasir məhkəmə-tibbi üsulların tətbiqinin, qurumlararası əlaqələrin gücləndirilməsinin və ailələrin prosesə cəlb olunmasının əhəmiyyətini qeyd ediblər.
Əsas mənbə: APA
