Vətənim Media xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov süni intellekt sahəsində əməkdaşlığı tənzimləyəcək beynəlxalq məcəllənin hazırlanmasını təklif edib. O, təşəbbüsü Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşünün plenar iclasında səsləndirib.
Berdiməhəmmədov bildirib ki, Türkmənistan Azərbaycanın AQEM-ə sədrliyinə xüsusi diqqət və dəstək göstərir. O, beynəlxalq hüququn və qabaqlayıcı diplomatiyanın dövlətlər arasında dialoqun möhkəmləndirilməsində roluna toxunub, ölkəsinin 2028-ci ilin Beynəlxalq Hüquq İli elan edilməsi təklifini xatırladıb. Prezident həmçinin ticarət və etibarlı logistikanın inkişafını, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının gücləndirilməsini vacib sayıb.
Türkmənistan liderinin sözlərinə görə, rəqəmsal həllər və süni intellekt iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. O, beynəlxalq əməkdaşlıqla yanaşı, mövcud nəqliyyat marşrutlarının inkişafı və bu sahələrdə təcrübə mübadiləsinin əhəmiyyətini də vurğulayıb.
Əsas mənbə: APA
