Vətənim Media xəbər verir ki, Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) 27-ci illik toplantısı və Baş Assambleyası Norveçin paytaxtı Osloda keçirilib. Tədbirdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli iştirak edib.
Toplantının əvvəlində üzv təşkilatların illik hesabatları dinlənilib, növbəti il üçün alyansın fəaliyyətini əlaqələndirəcək Katiblik formalaşdırılıb və yeni üzvlük müraciətləri nəzərdən keçirilib. İştirakçılar mətbuat şuralarının gələcəyi, özünütənzimləmənin əhəmiyyəti və maliyyələşmə imkanları barədə fikir mübadiləsi aparıblar. ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinin müşaviri Deniz Vaqner medianın özünütənzimlənməsinin gələcəyinə dair məruzə ilə çıxış edib.
İkinci gündə sosial şəbəkələrin və süni intellektin jurnalistikaya təsiri, müəllif hüquqları, mətbuat azadlığı və dezinformasiyaya qarşı mübarizə müzakirə edilib. Rəqəmsal dəyişikliklərin media şuralarının roluna yeni tələblər yaratdığı vurğulanıb və bu istiqamətdə təkliflər hazırlamaq üçün koordinasiya komitəsinə tapşırıq verilib. Azərbaycan Mətbuat Şurası alyansın tamhüquqlu üzvüdür.
Əsas mənbə: Mətbuat Şurası
