Vətənim Media xəbər verir ki, II Fəxri xiyabanda Xalq artisti, professor Ramiz Quliyevin qəbirüstü abidəsinin açılış mərasimi keçirilib. Tədbirdə mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Quliyevin Azərbaycan musiqisinə və tar ifaçılığına verdiyi töhfələrdən, tələbələrinə və gənc sənətkarlara dəstəyindən danışıblar. Xalq artistləri Vamiq Məmmədəliyev, Mənsum İbrahimov və Fəxrəddin Manafov sənətkarın irsinin yaşayacağını bildiriblər. Mədəniyyət nazirinin müavini Murad Hüseynov isə onun muğam sənətini layiqincə təmsil etdiyini vurğulayıb. Mərasimin sonunda Əməkdar artist, Ramiz Quliyevin oğlu Əyyub Quliyev iştirakçılara təşəkkür edib. Ramiz Quliyev 2025-ci il oktyabrın 15-də uzun sürən xəstəlikdən sonra vəfat edib.
Əsas mənbə: APA
