Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Liviyanın Benqazi şəhərindəki hərbi-dəniz bazasında Rusiyaya məxsus “Merkury” korvetində pilotsuz aparat hücumu nəticəsində partlayış baş verib. Liviyanın şərqindəki hökumətin ilkin araşdırmasına əsasən, gəmiyə pilotsuz katerlər hücum edib. Hadisədə 10 Rusiya və Liviya vətəndaşı yüngül xəsarət alıb. Peyk görüntülərində korvetin böyük hissəsinin çevrilərək suya qərq olduğu görünür.
Benqazi sahillərində Malta bayrağı altında üzən ticarət gəmisi də pilotsuz katerlə vurulub. Liviya Hərbi Dəniz Qüvvələri gəminin heyətini xilas edib. Həmin axşam Liviya hərbi-dəniz və hava qüvvələri sahildə 20-dən çox pilotsuz kateri ələ keçirib və ya zərərsizləşdirib.
Liviyanın şərqindəki hökumət hücumu ölkənin suverenliyinin pozulması və dəniz təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. Hadisə ilə bağlı Rusiya ilə birgə araşdırma başlanıb. Hücumların məsuliyyətini heç kim üzərinə götürməyib.
Əsas mənbə: APA
