Vətənim Media xəbər verir ki, APA-nın “MD Meets” podkastına istinadən yaydığı məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının uzanmasını 2025-ci ilin sonunda Vladimir Putinin iqamətgahına olduğu iddia edilən hücumla əlaqələndirib. Kuşner bu barədə “Axel Springer” media qrupunun baş direktoru Matias Döpfnerə müsahibəsində danışıb.
Kuşnerin sözlərinə görə, tərəflər hazırda ərazi məsələsində razılığa gələ bilmir. O, danışıqlarda ötən ilin noyabrında müəyyən irəliləyiş olduğunu, dekabrın sonunda baş verdiyi iddia edilən hücumun isə prosesdə geriləməyə səbəb olduğunu bildirib. Kuşner tərəflər arasında fevraldan sentyabradək davamlı əlaqə saxlanıldığını, lakin ortaq məxrəcə gəlmək üçün hər iki tərəfdən ciddi çeviklik görmədiyini deyib.
Kuşner Putinin müharibəni bitirmək istədiyini düşündüyünü, amma ərazi məsələsinin danışıqları dalana dirədiyini vurğulayıb. O, ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq göstərdiyi iddialarını rədd edib və ABŞ-ın vasitəçi olmaqla yanaşı, Ukraynaya kömək edən ən böyük donor olduğunu qeyd edib.
Əsas mənbə: APA
