Oktyabrın 5-də baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya səfəri çərçivəsində Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçukla görüşüb.
Tərəflər iki ölkə arasındakı ticarət-iqtisadi münasibətlərin cari vəziyyətini və gələcək imkanlarını müzakirə ediblər. Söhbət sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika kimi sahələrdə əməkdaşlıq perspektivlərindən gedib və qarşılıqlı iqtisadi təşəbbüslərin icrası, habelə 16 aprel 2026-cı il tarixində Zəngilanda keçirilmiş Hökumətlərarası Komissiyanın 24-cü iclasında qəbul olunmuş qərarların yerinə yetirilməsinin vəziyyəti nəzərdən keçirilib.
Müzakirələrdə iki ölkə arasındakı yükdaşımaların səmərəliliyinin artırılması, sərhəd-buraxılış məntəqələrinin işinin təkmilləşdirilməsi və “Şimal–Cənub” nəqliyyat dəhlizinin daha fəal istifadə olunması kimi nəqliyyat əlaqələrinin gücləndirilməsi məsələlərinə yer verilib.
Görüş zamanı həmçinin ticarət dövriyyəsinin artırılması, işgüzar subyektlər üçün əlverişli şəraitin yaradılması və praktiki layihələrin icrası üzrə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb. Səfər çərçivəsində Şahin Mustafayev həmçinin Rusiya hökuməti sədrinin müavini Aleksandr Novak və Azərbaycan-Rusiya işgüzar dairələrinin rəhbərləri ilə görüşlər keçirib.
Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün dövlət qurumları arasında müntəzəm əlaqələrin əhəmiyyəti qeyd olunub və tərəflər birgə işi davam etdirməyə hazır olduqlarını bildiriblər.
Əsas mənbə: APA
