Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar!.
Dəyərli dostlar! İzləyicilərimizdən birinin istəyi ilə Qazax haqqında qısa bir məlumat vermək istəyirəm. Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olub.
1909-cu ildən şəhər statusu alıb, hazırda rayon mərkəzidir. Akademik Ziya Bünyadov və V. M.
Minorskinin yazdığina görə, Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulub. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) formasında ərəb tarixçisi əl-Kufi (IX əsr) də məlumat verir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir.
Lakin, qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlib. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118–1120-ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirib.
Türkdilli əhali sayca çoxluq təşkil etdiyi üçün Şərqi Gürcüstan XI–XIII əsr gürcü mənbələrində Didi Türkoba (Böyük Türk obası) adlanırdı. Həmin türkdilli qıpçaqların əksəriyyətinin qazaxlar olduğu bildirilir. Bunu Azərbaycanın şimalında və Gürcüstan, Ermənistan ərazilərində yayılmış qazax etnik birliyinə aid etnotoponimlər də sübut edir.
XV əsrin sonlarında Qazax sultanlığı yaradılıb. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi. Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdı və irsi hakimiyyətə malik idilər.
Qazax sultanlığına 3 nəsil rəhbərlik edib. 1-ci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir. Osmanlı sultanı III Əhmədin (1703–1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad edib, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişdilər.
Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq edib. Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir Muğanda özünü şah elan etdi.
Lakin, Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiya çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi.
Bununla III feodal sülaləsinin hakimiyyəti başlandı. 1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi.
1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrildi. 1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilir. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri əhatə edirdi.
1929-cu ildə Qazax qəzası ləğv olunur. 1930-cu il avqustun 8-də Qazax rayonu yaradılır, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilir. 1959-cu il dekabrın 4-də Ağstafa rayonu Qazax rayonundan ayrılır. Qazaxda ölkə və dünya əhəmiyyətli 112 abidə var.
Damcılı mağara düşərgəsi,(Paleolit dövrü)Alban məbədi (6-cı əsr), Qırmızı körpü(12-ci əsr) və s. buna misaldır. Qazax 2026-cı il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib.
Qazax haqqında çox yazmaq olar. Amma 4000 işarə məhdudiyyəti olduğundan sizdən yalnız bir ricam var. Qazaxdan olan məşhur şəxsiyyətlərin və tarixi abidələrin adlarını yazın, tarixi birlikdə öyrənək!!!
Rəylərinizi gözləyirik!
