Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Fərəc bəy Ağayev — həyatı və yaradıcılığı.
Fərəc bəy Ağayev 1811-ci ildə, Şuşada dünyaya gəlib. İlk hərbi təhsilini Tiflis kadet korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlayıb. Xidmətinin 7-ci ilində ən yaxşı qvardiya rotmistri Fərəc bəy eskadron komandiri kimi Peterburqa göndərilir.
Peterburqda I Nikolayın xüsusi qvardiya kazak polkunda qvardiya komandiri vəzifəsinə təyin olunur. Orada o, imperatorun və onun xanımı Mariya Aleksandrovnanın sevimli adamına çevrilir Fərəc bəy Ağayev xidmətinin 10 ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə qədər Peterburqda, xüsusi qvardiya kazak polkunda qüsursuz xidmət edən polkovnik F.
Ağayev həmin ildə Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilir. 1853-cü ildə Krım müharibəsi başlananda polkovnik Fərəc bəy Ağayev Qarabağ azərbaycanlılarından ibarət süvari alayı təşkil edib, özü də onun komandiri olur. Müxtəlif arxiv sənədləri, komandanlığa göndərilən raport və məktublar göstərir ki, Fərəc bəyin şuşalılardan ibarət süvari polku Kürəkdərə uğrunda gedən döyüşlərdə 60 minlik korpusa qarşı dönməz bir iradə ilə vuruşur.
1854-cü ildə osetinlərdən təşkil olunmuş milis alayı da Fərəc bəyin alayına daxil edilir. Süvari qoşun dəstəsinin komandiri kimi yüksək vəzifə daşıyan F. Ağayev hərbi xidmətinə və qoşun başçısı kimi göstərdiyi qəhrəmanlığa görə üstündə "Cəsurluğa görə" yazılmış qızıl xəncərlə, hərbi ordenlərlə, həmçinin, imperator tacı ilə bəzədilmiş birinci dərəcəli "Müqəddəs Anna" ordeni və ikinci dəfə birinci dərəcəli "Müqəddəs Anna" (qılıncla birgə) ordenləri ilə təltif olunur.
1853–1856-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayev general-mayor rütbəsinə layiq görülür. Müharibə yenicə başlayanda Fərəc bəy Ağayevin başçılığı ilə Qarabağ Azərbaycan süvari dəstəsinin təşkili haqqında Peterburqa məlumat göndərən qraf Vorontsov qeyd edirdi ki, polkovnik Fərəc bəyin sayəsində könüllü dəstələr tezliklə yığıldı. 40 ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə general-leytenant rütbəsində istefaya çıxır.
Ömrünün sonuna kimi Tiflis Xeyriyyə cəmiyyətində çalışan general-leytenant Fərəc bəy Ağayev 1891-ci il, noyabrın 26-da 80 yaşında Tiflisdə vəfat edir. Son olaraq qeyd edək ki, Fərəc bəy Ağayev Həsən bəy Zərdabinin atası Səlim bəyin dayısıdır. Şamaxı ali ibtidai məktəbini əla qiymətlərlə bitirən H.
Zərdabinin Tiflisdə təhsilini davam etdirməsində onun əvəzedilməz rolu olub…
