Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cavad bəy Məmməd ağa oğlu Şıxlinski — həyatı və yaradıcılığı.
Cavad bəy Məmməd ağa oğlu Şıxlinski 1874-cü il yanvarın 3-də Qazax qəzasının Aşağı Salahlı kəndində doğulu. Tiflis Kadet Korpusundakı təhsilini bitirdikdən sonra, 1892-ci ildə Sankt-Peterburqda yerləşən Konstantinovsk Artilleriya Məktəbinə daxil olub. Qars və Aleksandropolda xidmət edib.
Nümunəvi xidmətlərinə görə 1908-ci ildə III dərəcəli "Müqəddəs Anna" ordeni, 1911-ci il martında II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunub. 1913-cü il fevralın 21-də Romanovlar sülaləsinin 300 illiyi münasibətilə xatirə medalı və podpolkovnik rütbəsi alıb. Birinci Dünya müharibəsində iştirak edib. Bu dövrdə"Müqəddəs Anna", "Müqəddəs Vladimir", IV dərəcəli "Müqəddəs Vladimir" ordenləri və s.
mükafatlarla təltif olunub. 1916-cı il fevralın 10-da isə 45-ci artilleriya briqasında dördüncü batareyanın komandiri təyin olunub. 1917-ci ildə 45-ci artilleriya briqadasının 1-ci divizionuna komandir təyin olunub. 1917-ci il aprelin 22-də polkovnik rütbəsi alıb. 1918-ci ilin yayında Azərbaycana gəlib. Əlahiddə Azərbaycan Korpusunda 2-ci piyada alayının komandiri təyin olunub.
Qafqaz İslam Ordusunun tərkibində döyüşlərdə iştirak edib. 1918-ci il sentyabrın 3-də döyüşlərdə göstərdiyi şücaətə görə Nuru paşa tərəfindən medalla təltif olunub. O, Nuru Paşanın əmri ilə 19 sentyabr 1918-ci ildə Gəncə şəhərinin komendantı təyin olunub. 1919-cu ilin fevralın 17-də hərbi nazirin əmri ilə Gəncə qarnizonunun rəisi vəzifəsinə təyin olunub. 1919-cu il fevralın 22-də Birinci piyada diviziyasının komandiri təyin təyin olunub.
Diviziyanın formalaşmasında və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Nazirlər Şurasının 1919-cu il 25 iyun tarixli qərarı ilə Cavad bəy Şıxlinskiyə general-mayor rütbəsi verilib. 1919-cu ildə Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə daşnakların Zəngəzur mahalında həyata keçirdiyi müsəlman qətliamlarının qarşısını almaq üçün yaradılmış Zəngəzur ekspedisiyasına komandir təyin olunub. Cavad bəy burada Qarabağla Zəngəzuru birləşdirən yolları ələ keçirmək niyyəti ilə hərəkətə başlayır.
Döyüşlərdən sonra noyabrın 23-də Azərbaycan–Ermənistan sazişi imzalanıb. 1920-ci il aprelin 10-da Gəncə bölgəsində müdafiənin gücləndirilməsi üçün müdafiə naziri Səməd bəy Mehmandarovun əmri ilə Birinci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski Gəncə möhkəmləndirilmiş rayonunun rəisi təyin olunub. Aprel işğalından sonra, may ayında Cavd bəy Şıxlinski, Cahangir bəy Kazımbəyli və Gəncənin komendantı Məhəmməd Mirzə Qacar tutduqları vəzifələrindən azad olunurlar.
Azərbaycanın bolşeviklər tərəfindən işğalına etiraz olaraq Gəncə şəhərində yerləşən Azərbaycan hərbi hissələri və əhali üsyana başlayırlar. Gəncə üsyanın təşkilatçılarından biri də Cavad bəy Şıxlinski olur. O, Tiflisi tərk etdikdən sonra İrana gedib.
Peşəkar hərbçi olduğu üçün Ərdəbil qarnizonunun komandanı vəzifəsinə təyin olunub. Lakin, orada yaşadığı dövrdə bolşeviklər tərəfindən təqib olunduğu üçün Türkiyəyə mühacirət etməli olub. Türkiyədə bir müddət qaldıqdan sonra yenidən İrana gedib.
Bir neçə il öncə İrana mühacirət etmiş və artıq orada ordunun polkovniki olan əmisi oğlu Məhəmməd Şıxlinskinin köməyi ilə İran ordusuna qoşulub. Cavad bəy İranda polkovnik rütbəsinə yüksəlib. O, fars dilini öyrənib və əvvəlcə İranın Məşhəd şəhərində artilleriya komandiri və Şərq Ordusu komandirinin müavini vəzifəsinə təyin edilib.
Bir neçə il Məşhəddə qaldıqdan sonra Tehrana geri çağırılıb və İran ordusunda Zabitlər klubunun rəhbəri vəzifəsinə təyin edilib. Cavad bəy Şıxlinski (Cavad Ağa Şeyxli) 1959-cu ildə Tehranda dünyasını dəyişib. Onun məzarı Tehran yaxınlığındakı Rey şəhərində, İmamzadə Abdullah qəbiristanlığının köhnə hissəsində yerləşir…
