Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ağabəyim ağa haqqında çox yazılıb..
Ağabəyim ağa haqqında çox yazılıb. Amma, onun haqqında yalnız bir məqamı sizinlə bölüşmək istəyirəm. O, 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında doğulub.
Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nigaha razı olur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir (1801).
Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür. Ağabəyim Ağa bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın idi. O, dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu.
Fətəli şahın xanımlarının hərəmə daxil olduqdan sonra şahın zəngin salonundan istədikləri paltarı seçmək hüquqları var idi. Ağabəyim ağa Fətəli şahın anasının da paltarının orada olduğundan xəbərdar idi. Ona görə də onu salona gətirəndə həmin paltara tərəf yönəlib əyninə geyinir.
Ağabəyim ağanı öz anasının paltarında görən Fətəli şah xeyli təəccüblənir və bu hadisədən sonra heç vaxt ona toxunmur. Özünün intellektinə görə o, Fətəli şah tərəfindən sevilirdi və buna görə də, hərəmin əsas xanımı elan edilmişdi. Burada yaşadığı dönəmdə Ağabəyim ağa öz vətənindən ötrü darıxmış və belə bir şeir yazmışdı: "Əziziyəm, Qarabağ, Şəki, Şirvan, Qarabağ, Tehran cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ!" …
Ağabəyim ağa 1832-ci ildə Tehranda vəfat edib və Qum şəhərində dəfn edilib…
