Vətənim Media xəbər verir ki, Asiya İnkişaf Bankı Bakı Metropolitenində siqnalizasiya sisteminin yenilənməsi və əməliyyatların rəqəmsallaşdırılması layihəsinə 302,38 milyon ABŞ dolları kredit ayrılmasını təsdiqləyib. Layihənin ümumi dəyəri 515,07 milyon dollar təşkil edir. Asiya İnfrastruktur İnvestisiya Bankının 79,98 milyon dollar, Azərbaycan hökumətinin isə 132,71 milyon dollar maliyyə ayırması gözlənilir.
Layihə mövcud siqnalizasiya sisteminin müasir qatar idarəetmə texnologiyası ilə əvəzlənməsini, əməliyyat mərkəzinin yenilənməsini, həmçinin kibertəhlükəsizlik, sərnişin məlumatlandırılması və sərnişin sıxlığının idarə olunması üçün rəqəmsal sistemlərin qurulmasını nəzərdə tutur. İnvestisiyanın qatarların pik saatlarda daha qısa intervallarla hərəkətinə və əməliyyat fasilələrinin azalmasına imkan yaradacağı bildirilir. Layihə Bakı metrosunun genişləndirilməsi üzrə 2,6 milyard dollarlıq proqramın tərkib hissəsidir. Həmin proqram çərçivəsində 9 stansiya, 2 depo və 20 kilometr yeni tunel tikilməsi, eləcə də 300 vaqon alınması planlaşdırılır. Bakı Metropoliteni 27 stansiyaya xidmət göstərir; 2025-ci ildə metro ilə təxminən 220,4 milyon sərnişin daşınıb.
Əsas mənbə: APA
