Vətənim Media xəbər verir ki, deputat Vüqar İskəndərov Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Şuşada təsis edilməsini və katibliyinin Bakıda yerləşməsini mühüm siyasi-diplomatik addım kimi dəyərləndirib. O, fikirlərini Milli Məclisdə təşkilatın katibliyi haqqında Ev Sahibi Ölkə Sazişinin təsdiqinə dair qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
İskəndərovun sözlərinə görə, təşkilatın yaradılması yalnız gənclər siyasəti ilə məhdudlaşmır; bu, gənc liderlər arasında əlaqələrin qurulmasına və diplomatik təşəbbüslərin davamlı qurumlara çevrilməsinə xidmət edir. Deputat xatırladıb ki, Gənclər Təşkilatının yaradılması barədə qərar 2022-ci il iyulun 29-da Şuşa razılaşması ilə qəbul edilib, daimi katibliyin isə Bakıda yerləşməsi nəzərdə tutulub.
Deputat Milli Məclisin müvafiq strukturları ilə təşkilat arasında gənc parlamentarilərin iştirakı ilə müntəzəm dialoq mexanizmi qurulmasını təklif edib. Onun qənaətincə, bu, parlament diplomatiyasını gücləndirə və gənclərin beynəlxalq siyasi proseslərdə iştirakına əlavə imkanlar yarada bilər.
Əsas mənbə: APA
