Vətənim Media xəbər verir ki, Mərkəzi Bankın nəzarət səlahiyyətlərinin maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil edilməsi təklif olunur. Bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Təklif olunan yeni qaydalar bankları, sığortaçı və təkrarsığortaçıları, sığorta vasitəçilərini, investisiya şirkətləri və fondlarını, eləcə də onların idarəçilərini əhatə edir. Mərkəzi Bank bu qurumların və maliyyə qruplarının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərini, qanunvericiliyə əməl etmə vəziyyətini dövri qiymətləndirəcək. Yenidən təşkilatlanma, benefisiar mülkiyyətçinin və ya fəaliyyət istiqamətinin dəyişməsi, habelə illik əməliyyatların həcmi və ya intensivliyinin ən azı 40 faiz artması risk profilinin təkrar nəzərdən keçirilməsinə əsas ola bilər.
Nəzarətin tezliyi və əhatəsi risklər, daxili qaydalar və nəzarət mexanizmləri nəzərə alınmaqla müəyyən ediləcək. Layihə qəbul olunarsa, Mərkəzi Bank maliyyə institutlarından və qruplarından yazılı sorğu ilə sənəd və məlumat tələb edə biləcək. Dəyişikliklərin FATF-ın 26 və 27-ci tövsiyələri üzrə MONEYVAL qiymətləndirməsi ilə əlaqədar hazırlandığı bildirilir.
Əsas mənbə: APA
