Vətənim Media xəbər verir ki, oktyabrın 19-dan “20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bir sıra avtobus marşrutlarının dayanacaq məntəqələri dəyişəcək. 114A, 114B, 500, 503 və 508 nömrəli avtobuslar Sumqayıt istiqamətində Moskva prospektində, “14 saylı notariat ofisi” yaxınlığındakı dayanacaqdan çıxarılacaq. 500, 503 və 508 nömrəli marşrutların sərnişinləri metro çıxışındakı Moskva prospekti 6 ünvanında, 114A və 114B marşrutlarının sərnişinləri isə Müzəffər Həsənov küçəsində, ADSEA binasının qarşısındakı başlanğıc dayanacağında avtobusa minə biləcəklər. Pirəkəşkül və Müşfiqabad istiqamətinə gedən 114A və 114B marşrutlarının növbəti dayanacağı “Şamaxinka”da, “Alov zavodu” ilə üzbəüz olacaq.
156, 156A və 170 nömrəli marşrutların hərəkət sxemi də dəyişdirilir: Hökməli və Binəqədi istiqamətində avtobuslar Əli Tağızadə küçəsi ilə hərəkət edəcək. Bu marşrutların “Şamaxinka”dakı əvvəlki dayanacağı ləğv olunur; sərnişinlər “2 saylı poçt filialının 134 saylı poçt şöbəsi” yaxınlığındakı dayanacaqdan istifadə edə bilərlər. Sumqayıta gedənlər Moskva prospekti 6-da və ya “Şamaxinka”da, “Alov zavodu” ilə üzbəüz dayanacaqda avtobusa minə bilərlər.
Əsas mənbə: APA
