Vətənim Media xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə milli mətbuatın maarifçilik və milli özünüdərk ənənələrinə, eləcə də medianın demokratik dövlət quruculuğundakı roluna diqqət çəkilib.
Qurultay iştirakçıları ölkədə medianın imkanlarının genişləndirilməsi, jurnalistlərin peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işləri qeyd edərək, islahatların davamının Azərbaycan mediasının inkişafına və beynəlxalq nüfuzuna töhfə verəcəyinə inandıqlarını bildiriblər. Onlar internetin, kiberhücumların və süni intellektin təsirinin artdığı şəraitdə informasiya təxribatlarına qarşı mübarizənin, doğru məlumatın manipulyasiyadan ayırd edilməsinin və informasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar.
Müraciətdə jurnalistlərin dövlət müstəqilliyinin qorunmasına, milli birliyin möhkəmləndirilməsinə və Azərbaycanın həqiqətlərinin dünyaya obyektiv çatdırılmasına peşəkarlıqla xidmət edəcəkləri bildirilib. İştirakçılar həmçinin tolerantlığın, vətəndaş həmrəyliyinin və dünyəvilik prinsiplərinin təşviqinə töhfə verməyə hazır olduqlarını ifadə ediblər.
Əsas mənbə: APA
