Vətənim Media xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr olunan “44” bədii filminin premyerası oktyabrın 12-də Heydər Əliyev Mərkəzində keçirilib. Beş il ərzində ərsəyə gələn ekran əsərində müharibə dövründəki qəhrəmanlıq, xalqın birliyi və insanların taleyi əks olunub.
Filmin çəkilişlərinə 2500 hərbçi, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin 42 döyüşçüsü cəlb edilib. Bakı və ölkənin müxtəlif rayonlarında 130-dan çox məkanda aparılan çəkilişlərdə 150-dən artıq hərbi texnikadan istifadə olunub. Ekran əsərində əsas rolları Rəşad Xəlilov, Zeynəb Özdəmir və Ramazan Kərimovun obrazları təşkil edir; filmdə türkiyəli aktrisa Özge Gürel də rol alıb.
“44” filminin istehsalına Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzi dəstək verib. İki saat 38 dəqiqə davam edən filmin nümayişi oktyabrın 15-dən Azərbaycan kinoteatrlarında başlanacaq. Yaradıcı heyət ekran əsərini xarici ölkələrdə nümayiş etdirməyi və beynəlxalq festivallara təqdim etməyi planlaşdırır.
Əsas mənbə: APA
