Vətənim Media xəbər verir ki, Konstitusiya Məhkəməsi həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlərə baxılarkən məhkəmələrin hansı halları qiymətləndirməli olduğunu müəyyən edib.
Qərara əsasən, məhkəmə şəxsin cinayəti törətməsinə dair əsaslı şübhələrin və bunu göstərən ilkin sübutların kifayət edib-etmədiyini, həbs üçün qanuni əsasların olub-olmadığını, eləcə də daha yüngül qətimkan tədbirinin tətbiqinin mümkünlüyünü yoxlamalıdır. Həbs qərarında ilkin sübutların kifayət etmədiyinin göstərilməsi şəxsin təqsirli olub-olmaması məsələsinin qabaqcadan həlli sayılmır.
Konstitusiya Məhkəməsi Plenumu qərarı Azərbaycan Prokurorluğunun sorğusu əsasında qəbul edib. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Əsas mənbə: APA
