Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. APA-nın məlumatına görə, Cayşankar Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını çatdırıb. O, Azərbaycana Narendra Modinin tapşırığı ilə gəldiyini bildirib.
Görüşdə Azərbaycan-Hindistan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi, ticarət-iqtisadi, yüksək texnologiyalar, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq imkanlarına, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrə toxunublar. Siyasi təmasların və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin artırılmasının əhəmiyyəti vurğulanıb.
Əsas mənbə: APA
