Vətənim Media xəbər verir ki, Nazirlər Kabineti ixracın rəsmiləşdirilməsi xərclərinə görə kompensasiya dəstəyinin şamil olunmayacağı əməliyyatların və şəxslərin siyahısını təsdiqləyib. APA-nın məlumatına görə, siyahıda Azərbaycan mənşəli olmayan və mənşə sertifikatı olmadan ixrac edilən mallar, humanitar yardım və əvəzsiz göndərişlər, barter əməliyyatları, eləcə də mal gömrük ərazisini tərk etdikdən 210 gün sonra müraciət edilən ixraclar yer alıb. Müvəqqəti ixrac, xaricdə emal və təkrar ixrac prosedurları, həmçinin müəyyən azad və xüsusi iqtisadi zonalara satış da kompensasiya əhatəsinə düşmür.
Dəstək, həmçinin ixrac gəlirini qanunvericiliklə nəzərdə tutulan müddət və şərtlərlə müvəkkil bankların hesablarına köçürməyənlərə, iri sahibkarlıq subyekti sayılan ixracatçılara və dövlətə məxsus qurumlara şamil edilməyəcək. Siyahıya vergi və gömrük borcu olan, iflas və ya ləğv prosesində olan, riskli vergi ödəyicisi hesab edilən, habelə dəstək məbləğini qaytarmaq öhdəliyini yerinə yetirməyən şəxslər də daxildir. 2026-cı il sentyabrın 1-dək ixrac gömrük proseduru altında yerləşdirilən mallar da kompensasiya üçün uyğun sayılmır.
Kompensasiya ödənildikdən sonra ixrac edilmiş mal Azərbaycana tam və ya qismən qaytarılarsa, dəstək məbləği qaytarılan hissəyə uyğun olaraq ixracatçıdan geri alınacaq.
Əsas mənbə: APA
