Vətənim Media xəbər verir ki, “The New York Times” danışıqlar barədə məlumatlı mənbələrə istinadən ABŞ Prezidenti Donald Trampın administrasiyasının Rusiyanın Birbaşa İnvestisiyalar Fonduna (RBİF) tətbiq olunan sanksiyaların ləğvini nəzərdən keçirdiyini yazıb. ABŞ rəsmisi müraciətin müəyyən edilmiş prosedurla araşdırıldığını bildirib. Onun sözlərinə görə, bu addım Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılmasına və Ukraynadakı münaqişənin həllinə kömək məqsədi daşıyır.
Qəzetin məlumatına görə, Rusiya RBİF-in ABŞ-a dizel yanacağı tədarükündə vasitəçi kimi iştirakını təklif edib. Fondun bu əməliyyatlarda iştirakı üçün sanksiyaların yumşaldılması tələb oluna bilər. ABŞ Maliyyə Nazirliyi isə oktyabrın 9-da Rusiya dizel yanacağına tətbiq olunan məhdudiyyətlərin müvəqqəti dayandırılmasının belə əməliyyatlara artıq imkan verdiyini hesab edir. Fondun sanksiya siyahısından tam çıxarılması məsələsində yekun qərar verilməyib; bunun üçün məhdudiyyətlərin əsaslarının aradan qalxdığını sübut etmək tələb olunur.
Əsas mənbə: APA
