Vətənim Media xəbər verir ki, Prezidentin 16 noyabr 2026-cı il tarixli fərmanına əsasən, Xəzər dənizinin Azərbaycan sahilboyu ərazilərində torpaq, tikili və infrastrukturu əks etdirən coğrafi informasiya sistemi yaradılacaq. “Rəqəmsal sahil idarəetməsi” adlanacaq platformada aktual xəritələr və məlumatlar saxlanacaq.
Sahil ərazilərində idarəetmə və nəzarətin əlaqələndirilməsi, torpaqlardan istifadə və onların mühafizəsi üzrə vahid dövlət siyasətinin həyata keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunub. Sistem digər dövlət informasiya sistemləri ilə inteqrasiya ediləcək, əhaliyə və sahibkarlara xidmətlərin “bir pəncərə” prinsipi ilə göstərilməsi nəzərdə tutulur.
Fərmanın əhatə dairəsinə adalar, məskunlaşdırılmış və məskunlaşdırılması planlaşdırılan ərazilər, eləcə də sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədli ərazilər daxil deyil. Sənəddə sahilboyu ərazilərin hüquqi statusu və zonalaşdırılması ilə bağlı təkliflərin hazırlanması, həmçinin torpaqlardan istifadə və mühafizə üzrə qanunvericiliyin təkmilləşdirilməsi tapşırılıb.
Əsas mənbə: APA
