-
Şeir – ruhun çağırışı,
Ləpələnən gözün yaşı,
Hıçqırtdıqca dağı, daşı,
O gah, şaqraq, gah asidır,
O İlahi təmasıdır. - Hansı qəlbdə çağlayırsa,
Cana könül bağlayırsa,
Həm gülüb, həm ağlayırsa,
Demək dilin havasıdır,
O İlahi təmasıdır. - O dərdlərin oxunuşu,
O hislərin toxunuşu,
Səmaların cənnət quşu,
Dilin qopan duasıdır,
O İlahi təmasıdır. - Şeir- könlü sevən ürək,
Qəfil əsən dəli külək,
Eşqə şərqi deyən mələk…
Cana hicran qisasıdır,
O İlahi təmasıdır. - Bəlkə ruha o bir cəza,
Pıçıltısı cana sıza,
Ağıl çaşa, ürək qıza,
Kim deyər ki susasıdır?!
O İlahi təmasıdır. - Şeir – haqdan bir möcüzə,
Çalar verər bomboz sözə
Dolar qəlbə, çıxar üzə,
Rəbbin ilham səmasıdır,
O İlahi təmasıdır. - Çox çalışdım qaçam ondan,
Qışqırıqla qopdu candan,
Fəryad çəkdi hər bir yandan,
Duydum canı asasıdır,
O İlahi təmasıdır. - Çox da uymun, ona dostlar,
Zülüm edir cana, dostlar,
Girir min bir dona, dostlar,
Qəlbi satıb-sovasıdır,
O İlahi təmasıdır. - Şadimanı çalxatdıqca,
İç evini laxlatdıqca,
Ağlı eşqlə yoxlatdıqca,
Candan hicran umasıdır,
O İlahi təmasıdır. - 29.10.2016
- Şirin Xanım Kərimbəyli Şadiman
RUHUN ÇAĞRIŞI
Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
