Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi süni intellekti zirehli texnikada, pilotsuz dəniz aparatlarında və başqa döyüş sistemlərində tətbiq etməyi planlaşdırır. ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin hesabatında ordu və kəşfiyyatda süni intellektdən istifadə üzrə 10 layihə nəzərdən keçirilib. Hərbçilər üçün əsas prioritetlərdən biri hədəflərin avtomatik tanınmasıdır.
ABŞ Quru Qoşunları gələcək XM30 piyada döyüş maşınlarını düşmən dronlarını real vaxt rejimində aşkarlayıb izləyən süni intellekt əsaslı sensorlarla təchiz etməyi nəzərdə tutur. Hərbi Dəniz Qüvvələri pilotsuz dəniz aparatlarında hədəfləri tanıma texnologiyalarını tətbiq edir. Xüsusi Əməliyyatlar Komandanlığı isə müxtəlif istehsalçıların hava və dəniz dronlarının birgə avtonom işləməsi üçün CHAOS sistemini hazırlayır.
Hesabatda kiber əməliyyatlar, kiçik hərbi bölmələrdə qərarvermə, peyk görüntülərində hərbi obyektlərin aşkarlanması və kosmik obyektlərin müşahidəsi üçün süni intellekt layihələrindən də bəhs olunur. ABŞ Kosmik Qüvvələri texnologiyanı potensial təhdidləri, o cümlədən kosmik tullantılardan fərqləndirilməsi tələb olunan maskalanmış silahları müəyyənləşdirmək üçün tətbiq etməyi planlaşdırır.
Əsas mənbə: APA
