Vətənim Media xəbər verir ki, APA-nın Litvanın xarici işlər naziri Kestutis Budrislə müsahibəsində o, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığı “strateji” sözü ilə təsvir etməyin mümkün olduğunu bildirib. Budris Azərbaycanın Aİ ilə tərəfdaşlığını Strateji Tərəfdaşlıq Sazişi səviyyəsinə yüksəltməyi hədəflədiklərini deyib.
Nazir bildirib ki, Litva 2027-ci ilin əvvəlində Aİ Şurasına sədrlik edəcəyi dövrdə Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət yetirəcək. Onun sözlərinə görə, tərəflər enerji, nəqliyyat və kommunikasiya bağlantılarına, eləcə də ticarət və qarşılıqlı səfərlərin genişləndirilməsinə önəm verirlər. Budris ötən il Litva ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 100 milyon avro olduğunu, bunun təxminən 60 milyon avrosunun xidmətlərin payına düşdüyünü qeyd edib.
Müsahibədə Budris “Sabah”–“Barselona” oyunundan da danışıb. O, stadiondakı ab-havadan və “Sabah” azarkeşlərinin dəstəyindən zövq aldığını, həmçinin klubun baş məşqçisi Valdas Dambrauskasa Litva Xarici İşlər Nazirliyinin “Diplomatiya ulduzu” mükafatını təqdim etdiyini bildirib.
Əsas mənbə: APA
