Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, “Sülh körpüsü” təşəbbüsünün İrəvanda keçirilən beşinci raundunda ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar məsələlər və media üzrə komitələrin yaradılması nəzərdə tutulur. Təşəbbüsün iştirakçısı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov bildirib ki, budəfəki müzakirələr əvvəlkilərdən tematik komitələrin fəaliyyəti ilə fərqlənəcək.
Məmmədovun sözlərinə görə, müzakirələrdə növbəti mərhələdə görüləcək işlər, dövlətlərə təqdim ediləcək təkliflər, fikir ayrılıqlarının aradan qaldırılması və sülh gündəliyinin genişləndirilməsi imkanları nəzərdən keçirilir. O bildirib ki, görüşdə iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana iki saat ərzində suallar ünvanlayıblar.
Noyabrın 26–27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa keçiriləcək. Müzakirələrin gündəliyinə sülh prosesinin möhkəmləndirilməsi, qarşılıqlı etimad, iqtisadi əməkdaşlıq, ticarət və bağlantı marşrutları, humanitar məsələlər, gənclər və təhsil sahəsi daxildir.
Əsas mənbə: APA
