Vətənim Media xəbər verir ki, Nizami Kino Mərkəzinin divarına qraffiti çəkməkdə təqsirləndirilən üç nəfərin cinayət işi üzrə məhkəmə baxışı dekabrın 9-na təyin edilib. APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən hazırlıq iclasında tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah olunub. Məhkəmə işi baxışa verib.
İttihama görə, aprelin 1-dən 2-nə keçən gecə Nizami Kino Mərkəzinin fasadına boya ilə yazılar çəkilib. İş üzrə Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadiyə Cinayət Məcəlləsinin mədəni sərvətləri qabaqcadan əlbir olan qrup tərəfindən qəsdən korlama və ya məhv etmə ilə bağlı maddəsi ilə ittiham verilib və barəsində həbs qətimkan tədbiri seçilib. Daha iki nəfər — Müjgan Bunyatzadə və Elvin Əhmədov da iş üzrə ittiham olunublar.
Əsas mənbə: APA
