9 noyabr – Dövlət Bayrağı günüdür!

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bayraq bizim ürəyimizdir. O bizim dövlət rəmzimiz, qürür mənbəyimiz fəxr hissimizdir. Göylərə yüksələn üç rəngli bayrağımız dalğalandıqca xalqımızın necə güclü və qüdrətli olduqunu hər yerdə nümayiş etdirir. Bayraq təkcə dövlətləri təmsil edən rənglərdən və şəkillərdən ibarət bir parça anlamına gəlmir. Bayraq həm də milli kimliyin, dilin, mədəniyyətin, dini-mənəvi və milli təfəkkürün simvoludur. Bayrağımız çox çətin anlarda döyüş meydanlarında dalğalanıb. Ümumi olaraq bunu deyə bilərəm ki, minlərlə şəhidlərin torpağımız uğrunda mübarizədə tökdükləri qan bayrağmızın müqəddəsliyinin ən gözəl şəkildə göstəricisidir. Xalqın vahidliyini təcəssüm etdirən bayrağımız bizlərə bir bayraq ətrafında birləşib hər zaman cəm olmağımızı və onu daim qoruyub saxlamağı və gələcək nəsillərə çatdırmağımızı təlqin edir.

Respublikamızın rəsmi simvollarından biri də bayraqdır. 1918-ci il mayın 28-də tarixdə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi və 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edildi. Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edildi. Sovet hakimiyyəti dağıldıqdan sonra bayrağmız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. Ulu Öndər Heydər Əliyev: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Həqiqətən də bayrağmız hər bir Azərbaycan vətəndaşının həyatında böyük və möhtərəm yerə sahibdir. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə bu istiqamətdə atılan ən mühüm addımlardan biri Dövlət bayrağı gününün təsis edilməsi idi.  Prezident İlham Əliyev  2009-cu il noyabrın 17-də  “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. İlham Əliyev:

Azərbaycanlı gənc olaraq bildirmək istəyirəm ki, bu gün biz gənclər tarixmizi, mənəvi dünyamızı və milli varlıq fəlsəfəmiz olan bayraqımızı daim uca tutacaq, əbədi yaşadacayıq.

Aygül Ağayeva

Vətənim Media Shorts

YouTube-da aç ↗