Dost itkisi nə qədər ağır olsa da, orta məktəb çağlarından tanıdığım Zeydulla
Ağayevin xatirəsinə həsr olunan kitabın nəşrə hazırlandığını eşidəndə sevindim və
onun barəsində fikirlərimi qələmə almağı özümə borc bildim.
Şəxsiyyət məhfumunu özündə tam mənası ilə təcəssüm etdirən bu böyük
İNSAN Masallı torpağında dünyaya göz açmışdı. Onunla tanışlığımızın tarixi orta
məktəbin səkkizinci sinifindən başlamışdı. Məktəbdə oxuduğumuz illərdə Zeydulla
istedadı və fəal bir şagird çalışqanlığı ilə hamının diqqətini özünə cəlb edirdi.
Onun dəqiq elmlərələ yanaşı, təbiət və humanitar elmlərinə böyük marağı
müəllimlərin diqqətindən yayınmırdı. Yazdığı şeirləri, şagird həyatından bəhs
edən yazıları məktəbimizin divar qəzetində dərc olunurdu.
Zeydullanın rəhbərliyi ilə N. Nərmanov adına Masallı şəhər 2 saylı orta
məktəbində “Bibər” adlı satirik divar qəzeti buraxılırdı. Yaxşı yadımdadır,
“Bibər”in ilk sayı çıxanda bəziləri çoşqunluq içində idi. “Bibər”də bir qayda
olaraq məktəbdə qayda-qanunu pozan şagirdlər tənqid olunurdu, zəif oxuyan,
nadinc və tənbəllərin karikaturaları yerləşdirilirdi.
Bundan başqa Zeydulla məktəbdə fənnlər üzrə təşkil olunan dərnəklərdə
məruzələrlə çıxış edirdi. Müzakirə olunan mövzuya aid sualları ətraflı cavablarla
başa salırdı. Zeydulla məktəbin və rayonun ictimai işlərində həmişə fəallıq
göstərirdi.
Sonra tələbəlik illəri, uğurla başa vurduğu ali təhsil illəri arxada qaldı. O,
Bakıda, mən rayonda yaşasam da, bir-birimizlə əlaqə saxlayar, görüşərdik.
İnstitutun çoxtirajlı “Bilik” qəzetinə redaktorluq etdiyi vədələr, yenicə bitirdiyi
ali məktəbdə pedaqoji fəaliyyətə başladığı günlər Zeydullanın ömür kitabının
ən unudulmaz və xoşbəxt səhifələrindən idi.
Aradan illər ötüb keçsə də keçmiş məktəb uşaqları ilə tez-tez görüşərdik.
Belə görüşlər zamanı məktəb həyatından şirin xatirələri yada salardıq.
Zeydulla Ağayevin yazdığı əsərlərin Masallıda müzakirəsi keçiriləndə
həmişə mədəniyyət evinin geniş iclas zalı oxucularla dolu olardu. Yazdığı
kitabların prototipləri əsasən məktəbli dövrümüzün uşaqları, rayonda görüb
tanıdığımız adamlar idi. O, heç kimi yaddan çıxarmırdı. Rayon yolu düşəndə
çalışırdı ki, uşaqlıq və gənclik dostları ilə görüşsün . Onunla çox səmimi şəraitdə
keçən görüşlərimiz hər birimizin yaddaşına silinməz izlər qoyurdu.
1981-ci ildən başlayaraq hər beş ildən bir orta məktəbi bitirməyimizin 20,
25, 30 illiklərini çox təntənəli qeyd eləmişik. Adətən, əvvəl məktəbimizin
müəllim və şagird kollektivi ilə görüşər keçirərdik, sonra sevdiyimiz təbiət
güşələrindən birinə çəkilərdik. Zeydulla Azərbaycanda olanda orta məktəb
yoldaşları ilə görüşlərin çoxunda böyük həvəslə iştirak edirdi .
Necə də gözəl günlər idi…
Zeydulla müəllimin elmi karyerası, Azərbaycanda və respublikamızdan
kənarda qazandığı uğurlar hamımızı sevindirirdi. O, həm bədii yaradıcılıqla,
həm də elmi işlərlə məşğul idi. Elmlər namizədi, filologiya elmlər doktoru
elmi dərəcələrinə, professor elmi adına layiq görüləndə, kitabları nəşr olunanda
məktəb yoldaşları ona təbrik teleqramları göndərərdilər.
Xarici Dillər Unuversitetində kafedra müdrü, elmi işlər üzrə prorektor
kimi böyük vəzifələrə təyin olunmuşdu. Tərcümə ədəbiyyatı sahəsində də
uğurlar qazanmışdı.
İki dəfə ABŞ-da uzunmüddətli elmi-praktiki ezamiyyətdə olmuşdu. ABŞ
–da olduğu müddətdə müxtəlif unuversitetlərdə mühazirələr oxumuş,
dinləyicilərinə Qarabağ həqiqətlərini anlatmışdı.
Zeydulla çox böyük vətənpərvər ziyalı idi. Millətini, yurdunu çox sevərdi.
Mənən çox saf və pak insan idi.
İşlədiyi Universiteti, müəllim həmkarlarını, tələbələrini çox sevərdi. Onunla
bir məclisdə olanda və ya təbiət qoynunda istirhət edəndə darıxmırdıq. Səmimi,
dadlı-duzlu söhbətləri ilə hamımızın rəğbətini qazanmışdı. Hamı onu insani
münasibətlərinə, istedadına, savadına və xarakterinə görə çox sevirdi.
Bəzi xəbis və nankorlardan başqa. Zeydullanın istedadına, karyerasına
paxılllıq edən şərəfsizlərin yalnış məlumatları get-gedə onun yüksəlişinə əngəl
törədirdi. Nəhayət, Zeydulla Ağayevə qarşı naqisliklər öz acı bəhrəsini verdi.
Onu Azərbaycan Dövlət Dillər Universitetində elmi işlər üzrə prorektoru
vəzifəsindən uzaqlaşdırdılar. Çox çəkmədi ki, ədəbiyyat tarixi kafedra müdiri
vəzifəsini də ona çox gördülər.
Zeydulla müəllim Azərbaycan Dillər Universitetinin Təbriz küçəsindəki
korpusunda pedaqoji fəaliyyətini davam etdirirdi. Lakin özü obyektivlik və
ədalət nümunəsi olan Zeydulla Ağayev zahirən büruzə verməsə də, daxildə
ona qarşı haqsız münasibətə dözə bilmirdi. Bu haqsızlıqlar onun insult keçirməsi
və yatağa düşməsi ilə nəticələndi. Elə həmin andan vəzifədəykən onun
şərəfinə sağlıq deyən, süfrəsində çörək kəsən dırnaqarası dostları qeybə çəkildilər,
Zeydullanı axtarıb-aramadılar, belələri alim adı daşısalar da, ziyalılıqdan uzaq
Allahın lənətini, cəmiyyətin nifrətini qazanmış adamlardı.
Zeydulla müəllim isə istedadı ilə yanaşı yüksək tərbiyə mərifət sahibi idi.
Rəftarı, səmimiyyəti onun böyük intelekt sahibi olduğuna dəlalət edirdi.
Adı çağdaş ədəbiyyatımızda “Müasir Azərbaycan nəsri”ni ingiliscəyə çevirmiş
ilk bədii tərcümə sənətkarlarından biri kimi çəkilirdi.
2005-ci ilin baharında Masallı rayon Mədəniyyət evində Zeydulla Ağayevin
60 illik yubiley gecəsi keçirilirdi. Böyük zal yenə onunla görşə gələnlərlə dolu
idi. Bu görüşdə məktəb dostları, Bakıdan gələn alim yoldaşları, rayon ziyalıları,
rayin İcra Hakimiyyətini məsul işçiləri öz çıxışlarında ona – cəfakeş elm
fədaisinə cansağlığı, yaradıcılıq uğurları, uzun ömür arzuladılar. Çıxşçılardan
biri yubiliyara Milli Məclisin növbəti seçkilərində deputatlığa namizədliyini
irəli sürməyi təklif etdi.
Zeydulla müəllim həmin təklifə öz prizmasından yanaşdı və: “Mənim
yaradıcılıqla, elmi işlərlə məşğul olmağa vaxtım qalmaz!” cavabını verdi. Lakin
ziyalıya qənim kəsilən muzdlu nökərlər bu təklifi də tezliklə başıpozuq və
simasız himayədarlarına çatdırdılar. Elə həmin vaxtlardan da Zeydulla müəllimin
ömrünü qayçılayan təqiblər başlandı. O, ömrünün ən kamil, xalq üçün, Azərbaycan
elmində çox məsuldar işlər görməyə qadir bir çağında dünyasını dəyişdi…
Bəli, ləyaqətsiz insanların ucbatından vaxtsız dünyasını dəyişdi. Amma bir
insan kimi də, alim kimi də öz ömrünü çox şərəflə yaşadı…
Zeydulla müəllim kimi şəxsiyyətlər dünyaya çox az gələrlər, müdrik insan,
kamil şəxsiyyət ömrü yaşayar və dünyadan çox tez gedərlər. Açığını deyim ki,
mən onun fiziki yoxluğuna hələ də inana bilmirəm. Amma bu həqiqətdir ki,
onu canlı şəkildə bir daha doğma Masallımızda görməyəcəyəm…
Mən onun dünyasını vaxtsız dəyişməsini Azərbaycan elminə, tərcümə
sənətinə böyük itki hesab edirəm.
Allahdan övladlarına və ömür-gün yoldaşına səbr, Zeydulla müəllimə rəhmət
diləyirəm. Şəxsiyyətinə sönsuz hörmət və əziz Ruhuna dərin ehtitamla
Rafiq Rəsulov,
Azərbaycan Respublikasının Əməkdar məşqçisi.
