Ötən gecə tanınmış psixoloq Dəyanət Rzayevin özünə qəsd etməsi ictimaiyyətdə müxtəlif fikirlər yaradıb.
Psixoloq Fərqanə Mehmanqızı Cebhe.info-ya açıqlamasında intihar edən həmkarı haqda fikirlərini bölüşüb:
“Həm peşə yoldaşı idik, həm də bir-birimizi tanıyırdıq. Bu hadisəyə çox üzüldüm. Təbii ki, heç kim onun intihar edəcəyini gözləmirdi. Düşünürəm ki, bütün psixoloqlar hər hansı bir şəxsdə suisidliyin əlamətləri varsa, bunu hiss edirlər. Dəyanət Rzayevin davranışında, verdiyi müsahibələrdə də bu hiss olunurdu. Onda aqressiya, depressiya vardı. Yəni, ətrafa qarşı çox aqressiv idi.
Ona görə də psixoloqların Dəyanət bəyin depressiyada olmasını hiss etməməsi özü bir cəfəngiyyatdır. O, hadisələrə həddən artıq emosional yanaşırdı. Məsələn, heyvanları qorumağa, iqtisadi duruma, ətrafda baş verən hadisələrə çox emosionol yanaşırdı. Peşəsindən asılı olmayaq insan emosional ola bilər. Amma insan nə vaxt emosional olur? O zaman ki, onun şəxsinə toxunulur. Hər hansı mövzu, hadisə ilə bağlı onun canı yanırsa, onun ona aidiyyatı varsa, yəni şəxsinə toxunulursa, insan çox sərbəst şəkildə emosiyasını bildirə bilir.
Dəyanət bəy də bütün durumlara çox həssas yanaşırdı. Deyirlər, psixoloqlar insanlara məsləhət verir. Psixoloqlar insanlara məsləhət vermir, psixoloq insanlara yeni baxış açısı göstərməlidir. Müəyyən bir problemə biz bir baxışla baxırıq, psixoloqla danışandan sonra isə o başqa bir baxış təklif edir və bəlkə məsələyə o baxışla baxaq deyə məsləhət görür. Psixoloqun işi insanın probleminə yeni baxış göstərməkdir. Sonra seçimi insana buraxır. Dəyanət bəyin açıqlamalarında yeni baxış, yeni seçim yox, sadəcə ittiham vardı. İttiham isə baxışı dəyişməmək demək idi. Problemə ittihamla yanaşan psixoloq baxış sərgiləyə bilməz”.
Qeyd edək ki, psixoloqun ölümündə şübhəli məqamlar ortaya çıxıb. Ehtimal olunur ki, psixoloq intihar etməyib, ona sui-qəsd olunub. Fərqanə Mehmanqızı sui-qəsdlə bağlı ehtimallardan xəbərsiz olduğunu deyib. O qeyd edib ki, Dəyanət Rzayevdə suisidlik hiss olunurdu ki, bu da ruhi, psixoloji pozuntu deməkdir: “Yəni, insanın psixoloji pozgunluğu olur və o insan affekt vəziyyətdə olur. Yəni özündə olmur. İntihara cəhd edib sağ qalmış insanları danışdıranda biz görürük ki, o, həmin anı xatırlamır. O an ümumiyyətlə beyinə, hərəkətlərinə, davranışlarına fikir vermir. Güclü şəxslər də, zəif şəxslər də intihar edir. İntiharın güclü və ya zəif psixoloji duruma dəxli yoxdur. Bu, bir xəstəlikdir.
Məsələn, mən özümü yalnız işdə psixoloq hesab edirəm. Belə vəziyyətdə isə özümü normal insan hesab edirəm. Psixologiyada insanların idarə texnikasını bilə bilərik. Amma hər yerdə psixoloq olmaq olmaz. İnsan hər yerdə psixoloq olsa, adamın başına hava gələr. O da intihara gətirib çıxarar. Bir psixoloq kimi intihar etmərəm. Düşünərəm ki, məsuliyyətlərim var. Övladlarım, prinsiplərim, psixoloq kimi Azərbaycan və vətəndaşlarımız üçün etmək istədiklərim var. Müəyyən bir xəstəliklər var ki, Azərbaycanda baş alıb gedir. Məsələn, onkoloji xəstəliklər, sonsuzluqla mübarizədə insanlara kömək etmək istəyirəm. Eyni zamanda ailəm və sevdiklərim var. Özümü çox sevirəm, intihar edəcək qədər deyiləm”.
Alçina Amilqızı/Cebhe.info
