Natiq Miri: “Rusiya münaqişənin həllində tək moderator olmaq istəyir”
Ramil Məmmədli: “Rusiya Ermənistandakı rıçaqlarını itirməkdən qorxur”
Bu günə qədər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müxtəlif həll modelləri təklif edilib. 20 ildən artıqdır ki, Rusiya, ABŞ və Fransa müxtəlif həll variantları ilə çıxış edirlər. Ancaq bütün təkliflərə baxmayaraq hələ də münaqişənin həlli istiqamətində heç bir ciddi irəliləyişə nail olunmayıb. Dünən Ermənistan prezidenti Serj Sarkisyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü keçirilib. Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Rusiyaya səfər edib və həmkarları Sergey Lavrovla görüş keçiriblər. Sarksiyandan sonra isə Azərbaycan prezidentinin Moskvaya səfəri gözlənilir.
Ehtimal olunur ki, prezidentlərin görüşündə Rusiya tərəfi Dağlıq Qarabağla bağlı yeni həll variantını ortaya qoyacaq. Ancaq Rusiyanın bu cəhdlərinin Azərbaycanın maraqları kontekstində olacağı şübhəli məsələdir. Çünki, Rusiya Ermənistanın strateji və hərbi tərəfdaşıdır və bu günə qədər Rusiya tərəfindən verilən təklifləri də məhz Ermənistanın maraqları çərçivəsində olub. Bəs bu görüşlərdən nə gözləmək olar?

“Cümhuriyət” qəzetinə şərhində politoloq Natiq Miri deyib ki, bu istiqamətdə ictimaiyyətə ümidverici nəsə demək düzgün deyil: “Sarksiyan hakimiyyədə ömrünü uzatmaq üçün Kremldən təminat almalıdır. Düşünürəm ki, Sarkisyanın Moskva səfəri də məhz bu yöndə aparılacaq müzakirələrlə yadda qalacaq. Dağlıq Qarabağla bağlı isə yeni təkliflər, həll planı mövcud deyil. Çünki, artıq Rusiya 2016-cı il aprel döyüşlərindən sonra təklif etdiyi Madrid prinsiplərinin yeni modifikasiyası, yəni Kazan formulundan da imtina etmiş vəziyyətdədir. Azərbaycan Xarici İşlər Nazirliyinin nazirlərin son Moskva görüşündən sonra verdiyi açıqlamalardan da göründü ki, Rusiya Ermənistanın dəstəklədiyi “paket həll variantına” üstünlük verir. Bu isə artıq Rusiyanın Kazan formulundan imtinası anlamına gəlir. Bu da təbii ki, Azərbaycanın milli maraqlarına uyğun deyil. Hesab edirəm ki, Moskva görüşü aprel döyüşlərinin 1 illiyinə həsr olunub. Çünki, Rusiya narahatdır ki, aprel ayında yenidən genişmiqyaslı hərbi əməliyyatlar başlana bilər. Bu da Rusiyanın maraqları kontekstində deyil. Rusiya heç bir halda Dağlıq Qarabağ probleminin dünya güclərinin nəzarətinə keçməsində maraqlı deyil. Rusiya dünən, bu gün və gələcəkdə də Dağlıq Qarabağ münaqişəsində moderatorluq rolunu saxlamaq istəyir. Düşünürəm ki, Rusiyanın təşkil etdiyi növbəti görüşlərdə də Dağlıq Qarabağla bağlı yeni həll planının olması anlamına gəlmir. Bu sadəcə, Rusiyanın imitasiyasından və özünün geosiyasi maraqlarından başqa heç nə deyil”.
Hərbi-siyasi icmalçı Ramil Məmmədli isə deyib ki, Rusiyanın Ermənistanla bağlı narahatlığı bu ölkədə olan rıçaqlarını itirmək təhlükəsidir: “Söhbət İrəvanda qərbyönümlü siyasi qüvvələrin fəallaşmasından gedir. Əsas narahatlıq budur və rəsmi Moskva ilə də danışıqlar predmeti seçkiqabağı ərəfədə bununla bağlı olur. O ki, qaldı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın son illər fəallaşmasına və yeni təkliflərlə çıxış etməsinə, bu məncə, mümkün deyil. Çünki Azərbaycan mövqeyini açıqlayıb və bir neçə gün əvvəl də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da münaqişənin həlli ilə bağlı rəsmi Bakının fikirlərini Moskvaya çatdırıb. Sadəcə, hazırkı məqamda Rusiya Ermənistanla Azərbaycan arasındakı gərginliyi yumşaltmağa çalışır. Ermənistandakı seçkidən sonra isə münaqişənin həlli üçün danışıqlar prosesini təkrar aktivləşdirməyə cəhd edəcək. Ermənistandakı bu həssas məqamda Rusiya ermənilərə heç bir təzyiq etməyəcək. Bu gözlənilən deyil. Rusiya prezidenti Vladimir Putin də bilir ki, Ermənistanın “burnuna” bir çırtma dəyərsə, qaçıb qərbin qucağında oturacaq. Sadəcə, Rusiya prosesi idarə etmək və nəzarətdə saxlamaq üçün davamlı olaraq hər iki ölkənin rəhbərliyi ilə görüşlər keçirir və münaqişənin həllinə dair işlər apardığını göstərməyə çalışır”.
Cebhe.info
