Şeybək xan Xorasan vilayətini istila etdikdən sonra … Xaqana (Şah İsmayıla) bir ədəbsiz məktub göndərmişdi : “Sultanlığımızın sonsuz qayğısı ilə xüsusi şərəfə layiq görülmüş İsmayıl daruğaya bəlli olsun ki,məmləkət işlərini həll etmək, ölkələri fəth edib düşmənləri məhv etmək … rəhbərlik sədası və xilafət nidası qeybdən bizə yetişmişdir… Daha sonra, mübarək Məkkənin ziyarət edilməsi islamın başlıca ayinlərindən biri olduğu üçün bütün müsəlmanlar böyük Kəbəyə aparan yolları qaydaya salmağa borcludurlar. Bizim qalibiyyətli əsgərlərimiz ziyarət şərəfinə nail olmaq istəyirlər. Ona görə də töhfələr və hədiyyələr hazırlamalı, sikkələri bizim xoşbəxt adımıza zərb etdirməli, cümə məscidlərində bizim cahangir adımıza xütbə oxutdurmalı və özün bizim uca taxtımızın ayağına gəlməlisən…Elan edin ki, müqavimət yeriniz hansı məkan olacaqdır. Vəssəlam!”. Şeybək xan daim ağzını açıb, “tezliklə İraq və Azərbaycan hüduduna qoşun çəkəcəyik və o məmləkətin işğalından sonra Hicaza hərəkət edəcəyik” – deyə boş-boş sözlər danışırdı. Bu arada İsgəndər şanlı xaqan 916-cı il şaban ayının 20-də (22.11.1510) cah-calalla Mərvin ətrafına gəldi.Qızılbaş ordusunun igidlərindən Div sultan Rumlu, Çayan sultan Ustaclu, Piri bəy Qacar, Badıncan sultan Rumlu, Zeynal xan Şamlu və Mirzə Məhəmməd Talış bir dəstə dilavərlə şücaət qılıncını sıyırıb darvaza üzərinə basqın etdilər və şeypur çaldılar. Adlı-sanlı əmirlər atlara minib düşmənlərə sarı üz tutdular. O tərəfdən bir dəstə özbək onların qarşısına gəldi… Səadətli xaqan bir neçə gün Mərvi mühasirə etdikdən sonra fəth və qələbə qapısı onun üzünə açılmadığı üçün könlündən keçdi ki, bir köç mənzili geri otursun, beləliklə, Şeybək xan cəsarətlənib Mərvdən çıxsın və o zaman geri qayıdıb onun işini bitirsin… Şeybək xan zəfər nişanlı qoşunların çıxıb getdiyini bildiyi (öyrəndiyi) zaman elə zənn etdi ki, o həzrət İraq və Azərbaycan hüdudunadək köhlən atının yüyənini dartmayacaqdır. Birinci gün ehtiyat edərək Mərvdən çıxmadı və özünün dövlət xadimləri ilə məşvərət etdi. Böyük əmirlərdən olan Qənbər bəy və Canvəfa mirzə ərz etdilər: «Yaxşısı budur, daha iki-üç gün gözləyək ki, Übeyd xan və Teymur sultan bizə qoşulsunlar. Ondan sonra [qaladan] çıxarıq. Çünki qızılbaşların köç etməsi zəiflikdən deyil, hiyləgərlikdəndir.» Bu sözü eşidən Şeybək xan lovğalıq və qürur hissinə qapıldığı üçün onlardan incidi və söyməyə başladı. Qənbər bəy və Canvəfa mirzə susdular. Şeybək xanın arvadı Moğol xanım dedi: « Siz dəfələrlə İsgəndər şanlı xaqana təhdidlə dolu məktublar göndərib onu döyüşə çağırdınız. O, yorulub əldən düşmüş ordusu ilə uzaq yoldan Mərvə gəldi və siz namussuzluq torpağını başınıza töküb şəhərdən çıxmadınız. İndi artıq dövlətin faydası ondadır ki, könlünüzdə qorxu-hürküyə yol verməyib qüvvətli bir ürəklə müharibə meydanına gedəsiniz. Çünki qorxaqlıq və ürəksizlik kişilər üçün eyibdir»… Moğol xanımın sözündən Şeybək xanı qeyrət təri bürüdü. Cümə gününün səhər vaxtı o, ağacların yarpaqları və yağışların damcıları qədər çoxlu ordu ilə qala darvazasından çıxdı. Döyüşməyə gücünün və müqavimətə taqətinin olmamasına baxmayaraq, nakam bir şəkildə özünü timsahın ağzına atdı…
Kərəm Məmmədli
