Azərbaycanda turizm statistikasının hazırlanmasında inkişaf müşahidə olunur, lakin buna baxmayaraq turizm statistikasının hazırlanmasında bir sıra həll olunmamış məsələlər mövcuddur.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bunu Turizm Şurası çərçivəsində yaradılmış Turizm statistikasının təkmilləşdirilməsi üzrə İşçi Qrupun 1-ci iclasında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.
N.Səmədov bu məsələlərin aradan qaldırılması istiqamətində işlərin aparılmasının vacibliyini vurğulayıb.
O bildirib ki, ölkədə son illər turizm sahəsinə dair bir sıra islahatlar aparılıb. Bu islahatların nəticələrini müşahidə etmək üçün turizm statistkasının önəmli olduğu diqqətə çatdırılıb. Eyni zamanda, turizmin iqtisadi sahə kimi iqtisadiyyatımıza verdiyi töhfənin müəyyən olunması baxımından statistik hesablamaların düzgün təşkil edilməsi vacibliyi bildirildi. Sonra turizmin ÜDM-dəki çəkisi, xarici turistlərin sayı, onların xərclədikləri vəsaitin məbləği, turizm sahəsinə qoyulan yerli və xarici investisiyalar, xarici turistlərin gecələmələrinin sayı, getmə turistlərin sayı və s. məsələlər müzakirə edilib.
