Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi (GSTM İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Sabirabad Regional “ASAN Xidmət” Mərkəzinin könüllüləri ilə birlikdə Sabirabad rayon Heydər Əliyev adına istirahət parkında “Sağlam Mühit – Sağlam Gənclik” devizi altında konsert proqramı təşkil edib.
Mətbuat xidmətindən verilən məlumata görə tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Regional “ASAN Xidmət” Mərkəzinin müdir müavini Elvin Məmmədov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, GSTM İB-in sədri Vüsal Əhmədov iştirak ediblər.
Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyinin sədri Vüsal Əhmədov rəhbərlik etdiyi təşkilatın icra etdiyi layihələr barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihələr özünün aktuallığı və vacibliyi ilə seçilir. “Sağlam Mühit – Sağlam Gənclik” layihəsinin məqsədlərindən danışan V. Əhmədov layihə çərçivəsində görülən işlər barədə də ətraflı məlumat verib.
Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov deyib ki, GSTM İB-in bir sıra müxtəlif tədbirləri regionda gənclərin aktiv həyat tərzi keçirmələrinə şərait yaradır. Rayon İcra Hakimiyyətinin daim bu kimi tədbirlərə dəstək verdiyini deyən H. Həsənov dövlətin qayğı və diqqəti sayəsində vətəndaş cəmiyyətinin daha da inkişafda olduğunu dilə gətirib. Sabirabad Regional “ASAN Xidmət” Mərkəzinin müdir müavini Elvin Məmmədov təmsil etdiyi təşkilatın GSTM İB-lə birgə icra etdiyi layihələr haqqında danışaraq bu tərəfdaşlığın uğurlu olmasından söz açıb. ASAN Könüllülərinin bu kimi işlərdə fəal olduqlarını, xüsusi istək və həvəslə çalışdıqlarını deyib. Qeyd edib ki, ASAN Xidmət bundan sonra da layihələrin həyata keçməsində öz töhfəsini verəcək. Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev ölkədə həyata keçirilən gənclər siyasəti haqqında danışaraq bu sahədə Gənclər və İdman İdarəsinin GSTM İB-lə birgə fəaliyyətini müsbət xarakterizə edib. Əmin olduğunu bildirib ki, bu kimi əməkdaşlıq gənclərin müsbət inkişafına təkan verəcək.
Çıxışlardan sonra konsert proqramı başlayıb. Bununla da “Sağlam Həyat – Sağlam Mühit” layihəsinə yekun vurulub.
Qeyd edək ki, layihə çərçivəsində Sabirabad Regional “ASAN Xidmət” Mərkəzinin könüllüləri ilə birlikdə Sabirabad rayon Heydər Əliyev prospektində “Sağlam Mühit – Sağlam Gənclik” devizi altında plastik və polietilen tulantılar təmizlənib, rayon ictimaiyyətinə məlumat xarakterli bukletlər paylanıb.Həmçinin Sabirabad rayon Heydər Əliyev adına parkda təmizlik işləri aparılıb, ağaclardan quş yuvaları asılıb.

