Katalon separatçıları geri çəkildilər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

ABŞ və Avropa Birliyinin təzyiqləri, iqtisadi embarqo təhlükəsi separatçıları “sakitləşdirdi”…

Gözlənilənin əksinə olaraq Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon əyalətin müstəqilliyini elan etməyib. Oktyabrın 10-da əyalət parlamentində çıxış edən Kataloniya lideri oktyabrın 1-da əyalət parlamentinin iclasında deyib ki, İspaniya ilə dialoqun həyata keçirilməsi üçün müstəqilliyin elanı təxirə salınmalıdır.

BBC-nin məlumatına görə, Barselonadakı regional parlamentdə çıxışı zamanı o, Kataloniyanın İspaniyadan ayrılmasına dair keçirilmiş referendumda seçicilərin əksəriyyətinin müstəqilliyə səs verdiyini, lakin mərkəzi hökumətlə dialoqun vacibliyini bildirib.

Qeyd edək ki, oktyabrın 1-də keçirilmiş müstəqillik referendumunda, rəsmi məlumata görə, seçicilərin 90 faizi müstəqilliyin lehinə səs verib. Referendumda seçicilərin 43 faizinin iştirak etdiyi deyilir.

Ancaq İspaniya Konstitusiya Məhkəməsi referendumu qeyri-qanuni elan edib. Hökumət isə Kataloniya ərazisinə polis göndərib, referendum günü polislə seçicilər arasında baş verən qarşıdurmada yüzlərlə insan yaralanıb. Referendumdan sonra Kataloniyanın müstəqilliyini elan edəcəyi gözlənilsə də, Barselonada müstəqillik əleyhinə böyük aksiyanın keçirilməsi, həmçinin mərkəzi hökumətin əyalətə ordu göndərməsi separatçıları fikirlərindən daşındırıb. İspaniyanın ədliyyə naziri Rafael Katala İspaniyanın heç bir halda Kataloniyanın müstəqilliyini müzakirə etməyəcəyini deyib.

Buna rəğmən Puçdemon, onun müavini Oriol Jukeras, habelə parlamentin spikeri Karme Forkadel əyalətin müstəqilliyi haqqında sənədə imzalarını qoyublar. Ancaq eyni zamanda Kataloniyanın müstəqilliyinə qarşı çıxan yerli qüvvələr də var. Bazar günü yüzminlərlə insan meydanlara çıxaraq Kataloniyanın İspaniyanın tərkibində qalmasına dəstək verib. Bundan başqa, Kataloniya Sosialist Partiyasının sədri Mikel İseta “referendum”da, sadəcə, 38,47% seçicinin iştirak etdiyini söyləyərək, bunun bir dövlətin müstəqilliyini elan etmək üçün yetərli olmadığını vurğulayıb.

Image result for Kataloniya

Əyalət parlamentində “Vətəndaşlar” fraksiyasının lideri İnes Armadas, Barselona şəhərinin meri Ada Kolau Kataloniyanın İspaniyadan ayrılmasına qarşı çıxıblar və Piçdemonun hərəkətlərini pisləyiblər.

Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ prezidentinin Kataloniyadakı “referendum” barədə mövqeyinin dəyişmədiyini söyləyib. O, ABŞ-ın İspaniyanın dövlət bütünlüyündən yana olduğunu təkrar edib. Meksika xarici işlər naziri Luis Videqray da ölkəsinin beynəlxalq hüquqa müvafiq olaraq Kataloniyanı müstəqil dövlət olaraq qəbul etməyəcəyini və İspaniyanın bütünlüyünə tərəfdar olduğunu bildirib. İtaliyanın xarici işlər naziri Ancelino Alfano da İspaniya hökumətini dəstəkləyən bəyanatla çıxış edib.

Image result for Ancelino Alfano

Oktyabrın 12-də isə Kataloniyada referendum əleyhdarlarının böyük yürüşü olacaq. Görünən odur ki, həm dünya birliyinin reaksiyası, həm də ehtimal olunan gərginlik və iqtisadi geriləmə katalonların özləri arasında İspaniyadan ayrılma məsələsində tərəddüd yaradıb. Çünki artıq bir sıra iri şirkətlər və banklar Kataloniyadakı filiallarını bağlamaq haqqında qərarlarını açıqlayıb. Bunların arasında “Sabadell” Bankı, “Oryzon” biotexnologiya şirkəti mərkəzi ofislərini, “CaixaBank”, “Gas Natural” və “Freixenet” şirkətləri Barselonadan köçürmək hazırlıqları başladıb. İspaniya hökuməti bu şirkətlərə köçürülmədə dəstək verəcəyini bildirib. Kataloniya İspaniyanın əsas sənaye və turizm mərkəzi hesab olunur. Əyalətdə 7 mindən çox şirkət, o cümlədən bir çox dünya markalarının yerli fabrik və filialları fəaliyyət göstərir. Aydın məsələdir ki, müstəqilliyin elanından sonra bir çox böyük şirkətlər İspaniyanın təzyiqi ilə Kataloniyanı tərk edəcəklər. Bu isə əyalət əhalisinə böyük zərbə olacaq. Görünür, separatçıları çəkindirən İspaniya ordusu ilə yanaşı həm də bu faktor olub.

Məhz bu səbəbdən oktyabrın 10-da keçirilən parlament toplantısında Kataloniya lideri Piçdemon müstəqilliyin elanını təxirə salmağa və mərkəzi hökumətlə danışıqlara getməyə çağırıb. Ancaq istənilən halda artıq katalon separatçılarının əlində baş tutmuş referendum və 90 faizlik ayrılma “səsi” var. Bu isə o deməkdir ki, qarşıdakı illərdə istənilən vaxt Kataloniyada separatçıların “şeypur səsi” gələ bilər. Hələlik ABŞ, Avropa Birliyi “qoca qitə” daxilində bölücülüyün yayılmasına razı olmadı.

Vətənim Media Shorts

YouTube-da aç ↗