Millət vəkili Qənirə Paşayeva Türkiyənin Samsun şəhərində “Türk dünyası problemlərinin çözümündə aydınların rolu” adlı konfrans keçirib.
Deputat konfransda Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti mövzusunda çıxış edib. Qərbin Azərbaycana, Türkiyəyə, türk-müsəlman dünyasına yanaşmasındakı ikili standartlardan danışan millət vəkili bu vəziyyətin getdikcə daha da pisləşdiyini vurğulayıb:
“Bu gün BMT başda olmaqla, beynəlxalq təşkilatlar bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var, amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”.
Q.Paşayeva bildirib ki, Qərbin ikili standartları özünü Xocalı Soyqırmına yanaşmada da göstərir:
“100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir. Eyni vəziyyət Türkiyəyə, türk dünyasına qarşı yanaşmada da özünü göstərir. Qərbin Türkiyəyə terrorla mübarizədə dəstək verməməsi ən böyük ikili standartdır. Avropada İslamafobiyanın artması ciddi narahatlıq doğurur. Beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür. Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetiştirməliyik və haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik”.


