ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra Yaxın Şərqdə, xüsusilə də Fələstində ABŞ və İsrailə qarşı etirazlar davam edir.
Bu gün cümə namazından sonra etirazların daha da artacağı gözlənilir. Qüdsün İsrailin paytaxtı olaraq tanınması qərarına etiraz olaraq, Yaxın Şərq bölgəsində cümə namazından sonra böyük qarşıdurmaların yaranacağı gözlənilir.
Fələstinin İslami Müqavimət Təşkilatı “Həmas” bu günü “Qəzəb cüməsi” elan edib. Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra “ABŞ cəhənnəmin qapılarını açdı” deyən “Həmas”, bütün fələstinliləri Qüdsə dəstək olmaq üçün “Qəzəb cümə”sində iştirak etməyə çağırıb. Bir çox ölkələrdə də ABŞ səfirlikləri və konsulluqları qarşısında etiraz aksiyası keçirilməsi gözlənilir.
Qeyd edək ki, etiraz aksiyalarının Türkiyədə, Pakistanda, Misirdə və digər müsəlman ölkələrində keçirilməsi də ehtimal edilir. Artıq Türkiyədə bəzi bələdiyyələr vətəndaşlara SMS göndərərək, etiraz aksiyalarına qatılmağa dəvət edib. /Metbuat.az/
