Amerikanın BMT-dəki daimi nümayəndəsi Niki Heyli Pentaqonda jurnalistlərlə görüşündə İranın Orta Şərqin sabitliyini pozmasından, regionda terrorçu qruplaşmalara dəstəyindən və radikal şiə-husiləri silahlandırmasından danışıb. İranı Yəməndəki husilərə silah və raket göndərməkdə günahlandıran Niki Heyli bildirib ki, dünya birliyi İranın ikinci Şimali Koreyaya çevrilməsinə imkan verməməli, nə qədər ki gec deyil, onun regionun sabitliyinə qarşı yönəlmiş dağıdıcı hərəkətlərinin qarşısını almalıdır: “Hazırda mənim arxamda gördüyünüz Yəməndəki husilərin noyabrın 4-də Ər-Riyadın qeyri-hərbi hava limanına atdığı ballistik raketinin qalıqlarındandır.
Bu raketin üzərində İranın “Şəhid Baqiri Sənaye Qrupu”nun nişanı var və raketin özəllikləri İranın istehsal etdiyi digər raketləri ilə eynidir. Raketin qalıqları isə araşdırılması üçün Səudiyyə Ərəbistanından Amerikaya göndərilib. Bütün bu sübutlar bir daha göstərir ki, İranın nüvə sazişindən (“Bərcam”dan) sonrakı rəftarı nəinki dəyişməyib, əksinə, bu ölkə Yəmən, İraq, Suriya və Livanda öz dağıdıcı fəaliyyətini hələ də davam etdirir. Rəsmi Tehranın bu hərəkətləri, onun üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olduğu halda, həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməsini pozur. Məsələ ondadır ki, İran raketləri təkcə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı deyil, hamıya və bütün bölgəyə qarşı ciddi bir təhdid və təhlükədir.
Bu gün, Orta Şərqdə elə bir terrorçu qruplaşma yoxdur ki, İran ona dəstək verməsin və ya onunla əlbir olmasın. İran, Orta Şərqdə hələ də mövcud çaxnaşmaları qızışdırıb alovlandırır. Təəssüflər olsun ki, İranın keçmişdəki rəftarında yaxşılığa doğru heç nə dəyişməyib və bu ölkə beynəlxalq terrorizmə dəstəyini bu gün də davam etdirir. Bunun isə qarşısı hesab edirik ki, dünya birliyi tərəfindən alınmalıdır. Vaşinqton isə öz növbəsində beynəlxalq bir koalisiya yaratmaqla İranın bu təhdidlərinin qarşısında dayanmaq niyyətindədir”.
ABŞ diplomatının qeyd edilən açıqlaması Vaşinqtonun İranın Yaxın Şərqdə artan hərbi və siyasi fəallığının qarşısını almaq üçün hərəkətə keçməsi kimi dəyərləndirilə bilər. Siyasi ekspertlərin rəyinə görə, Birləşmiş Ştatlar son illər Yaxın Şərqdə geosiyasi mövqeyi güclənən İranı bölgədən sıxışdırıb çıxartmaq məqsədilə daha sərt tədbirlərə əl ata bilər. Bu prosesdə İranın terrorizmə dəstək verməsi Vaşinqton tərəfindən irəli sürülən əsas arqumentlərdən biri ola bilər. ABŞ-ın Suriya, İraq, Yəmən və Livanda İrana bağlı olan silahlı qruplaşmalara qarşı hərbi əməliyyatlar keçirəcəyi də istisna deyil. Hətta ABŞ İraq, Suriya və Yəməndə qeyri-rəsmi şəkildə hərbi əməliyyatlarda iştirak edən İran İslam İnqilabı Keşikçiləri Qvardiyasını terrorçu təşkilat kimi tanımaq niyyətini elan edib. Tehran rejimi isə ABŞ belə bir qərar çıxararsa, bunu İrana qarşı müharibə elan edilməsi kimi qəbul edəcəyini bildirib.
Niki Heylinin bəyanatı İranın raket proqramının Amerikanı narahat edən əsas problemlərdən biri olaraq qaldığını göstıərir. Çünki rəsmi Tehran nüvə proqramına dair ABŞ-la 2015-ci ildə anlaşmaya nail olsa da, orta və uzaq mənzilli raketlərin istehsalının dayandırılmasına dair tələblərə əməl etməkdən imtina edib. Bu da öz növbəsində, ABŞ-ın İrana qarşı sanksiyaları sərtləşdirməsi ilə müşahidə olunur. Prezident Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarından sonra Yaxın Şərqdə ABŞ-a qarşı artan etirazlar İranın mövqeyini möhkəmləndirir. Belə bir situasiyada ABŞ-ın İrana qarşı mübarizəyə başlaması heç də asan görünmür.

“Niki Heylinin açıqlamasından sonra ABŞ İranı hədəfə alacaqmı” sualına cavabında “Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirdi ki, Tehranın Yaxın Şərq siyasəti ilə bağlı mənzərə tam aydındır: “Yəməndə “Ənsərullah”, Livanda “Hizbullah”, İraqda “Haşti-Şaabi” qüvvələri İranın Yaxın Şərq siyasətinin tərkib hissələridir. Hal-hazırda İran Yaxın Şərq siyasətini öz təsir dairəsini genişləndirmək üzərində qurur və bu da nə Qərbi, nə də bu bölgədə yerləşən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və bəzi ərəb dövlətlərini razı sala bilməz. Ona görə də düşünürəm ki, İran ətrafında çəmbər daralmağa başlayacaq və konkret addımların atılmasını gözləmək olar.
Amma “Bu ABŞ-ın İrana qarşı açıq hərbi müdaxiləsinə gətirib çıxararmı” sualına isə mən birmənalı şəkildə “yox” cavabı verərdim. Belə bir müdaxilənin edilməsi son dərəcə dəhşətli nəticələrə gətirib çıxara bilər. Bu baxımdan, birbaşa hərbi müdaxilə deyil, müxtəlif hərəkatların və təşkilatların xətti ilə münaqişə nöqtələrində İranın geri oturdulması prosesinə start verilə bilər. Məsələn, Yəməndə bu prosesə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr vasitəsilə artıq bu prosesə start vermək istəyirlər. İranın əldə etdiyi mövqelərdən sıxışdırılmasına başlanıla bilər. Artıq bölgəsəl dövlətlərin dəstəklədiyi nüfuz savaşı başlanır. Bu Yəməndə də, Suriyada da, İraqda da baş verə, bilər”.
Politoloq hesab edir ki, ABŞ-ın təzyiqlərinə baxmayaraq, İranın raket proqramını dayandıracağı inandırıcı görünmür: “Əgər ağır sanksiyaların qüvvədə olduğu bir vaxtda İranın raket sınaqlarının qarşısını ala bilmirdilərsə, Yaxın Şərqdə mövqelərinin gücləndiyi, “Altılıq” ölkələri ilə razılaşmanın əldə olunması və qadağaların bir qisminin ləğv edildiyi, Avropa ilə İran arasında iqtisadi layihələrə start verildiyi bir zamanda, həmçinin pul transferlərinin həyata keçirilməsindən sonra İranın geri addım atacağını düşünmək sadəlövhlük olar”. /Cebhe.info/
