Vahid Əhmədov: “Nəqliyyat sahəsində siyasəti aparan bir neçə yox, bir orqan olmalıdır”; Fikrət Yusifov: “Tranzit yükdaşımalar sahəsində tariflərin müəyyən edilməsindəki boşluqlar aradan qaldırılacaq”
Prezident İlham Əliyev nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi üzrə bir sıra tədbirlərin görülməsi barədə fərman imzalayıb. Fərmana əsasən nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) haqqında Əsasnamə” təsdiq edilib, Dövlət Dəniz Administrasiyası əsasında NRYTN yanında Dövlət Dəniz Agentliyi yaradılması, bundan başqa, Dövlət Mülki Aviasiya Administrasiyası əsasında da NRYTN yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılması barədə tapşırıq verilib. Fərmanda həmçinin nazirliyin və onun tərkibindəki digər agentliklərin işçilərinin say həddi konkret şəkildə göstərilib.
Bəs görəsən, nəqliyyat sahəsindəki iki agentliyin də sözügedən nazirliyə birləşdirilməsi və supernazirliyin yaradılması müvafiq sahələrdə hansı müsbət irəliləyişə səbəb olacaq? Ekspertlər bu struktur islahatlarını necə dəyərləndirirlər?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu fərmanla nəqliyyat sahəsindəki bütün qurumlar bir nazirliyin tabeliyinə verilmiş oldu: “Fərmanla əslində heç bir yeni qurum yaradılmadı. Dövlət Dəniz Administrasiyası və Dövlət Mülki Aviasiya Administrasiyası əvvəl də var idi və sərbəst fəaliyyət göstərirdi. İndi onların əsasında agentliklər yaradıldı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyinə verildi. Ümumiyyətlə, nəqliyyat və rabitə sahəsində strateji hədəflərə çatmaq üçün bütün bu sahələri bir qurumun əlində cəmləşdirdilər. Bu, normal bir prosesdir.

Daha əvvəl Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilmişdi, ancaq bu iki struktur ayrıca saxlanılırdı. İndi isə agentlik kimi sözügedən qurumun tabeliyində olacaqlar və siyasəti nazirlik müəyyənləşdirəcək. Müsbət məqam odur ki, nəqliyyat sahəsində siyasəti aparan bir neçə yox, bir orqan olmalıdır. Dəniz və aviasiya sahələri də çox mühüm sahələr olduğu üçün bir əldə cəmləşdirdilər. Məsələn, Energetika Nazirliyi yaradıldı. Birbaşa olaraq bu sahədəki heç bir quruma nəzarət etməsə də, strategiyanı bu durum müəyyən edir, OPEK-lə danışıqlarda iştirak edir, Azərbaycanın həyata keçirtdiyi iri layihələrə rəy verir və sair. Yəni, əsas strateji xətti bir qurum aparır”.

Sabiq nazir, iqtisadçı alim Fikrət Yusifov da “Yeni Müsavat”a bildirdi ki, struktur islahatlarının aparılmasında əsas məqsəd bu sahənin idarəçiliyində mövcud olan əngəllərin aradan qaldırılmasından ibarətdir: “Bu islahatlar bir qayda olaraq idarəçilikdə çevikliyin artırılmasını təmin etməyi hədəfləyir. İqtisadçılar arasında belə islahatların əsasən dövlət büdcəsinin vəsaitlərinə qənaət etmək məqsədilə aparıldığını düşünənlər də az deyil. Ancaq vəsaitlərə qənaət bu cür islahatların ali məqsədi ola bilməz. Bu qəbildən islahatların aparılmasında əsas məqsəd, bir qayda olaraq, yeni təşkil olunmuş strukturun köməyi ilə sahənin işini günün tələbləri səviyyəsində yenidən qurmaqdan ibarət olur. Ölkə prezidenti tərəfindən son iki ildən artıq vaxt ərzində bu istiqamətdə bir çox qərarlar qəbul edilib. Bu sırada 21 oktyabr 2015-ci ildə qəbul edilmiş ”Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nı yada salmaq istəyirəm. O vaxt bu fərmanın qəbulu hansı zərurətdən irəli gəldi? Öz ərazisində tranzit yüklərin daşınması sahəsində çox ciddi layihələrin reallaşdırılmasına start vermiş hökumət bu sahədəki məsələləri – ilk növbədə isə tranzit yükdaşımalar sahəsində tariflərin müəyyən edilməsindəki boşluqları aradan qaldırmalı idi. Bu tarifləri müəyyənləşdirərkən ilk növbədə sahə maraqlarından çıxış edən tranzit yükləri daşıyan nəqliyyat təşkilatlarının apardığı tarif siyasəti son nəticədə yüklərin Azərbaycan üzərindən deyil, alternativ marşrutlarla daşınmasına yol açırdı. Yükdaşımaların tariflərini vahid pəncərə prinsipi ilə müəyyən edən yeni strukturun tarif siyasəti isə bu sahədə ciddi dönüş yaratdı. İndi bu tariflər ayrı-ayrı yükdaşıyanların sahə maraqlarını deyil, bütövlükdə dövlətin maraqlarını ortaya qoyur. Bu hesaba da hər il Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi sürətlə artır”.
Fikrət Yusifovun sözlərinə görə, prezidentin sözügedən fərmanı Azərbaycan üçün hazırda çox mühüm əhəmiyyət kəsb edən nəqliyyat sahəsində idarəetmənin təkmilləşməsinə səbəb olacaq. /Yeni Müsavat/
