Yadigar Cəfərli yazır – Dil Fədailəri

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Dil və orfoqrafiya söhbəti yadıma Cəfər Cabbarlını saldı. Yazım, görün belə nurlu kişilər dilimizi sahmanlamaqdan ötrü nələr ediblər?! Cəfər Cabbarlı dramaturq idi, bilirsiniz. Amma bir vaxtlar “Kommunist” qəzetində tərcüməçi də işləmişdi. Rəsmi materialları ruscadan Azərbaycan dilinə çevirirdi. Gənc tərcüməçi dostları ilə həmişə istəyirdi, dilə milli sözlər gətirsin. Məsələn, mətnlərdə “elan” əvəzinə yazırdılar “bildiriş”. Di gəl ki, qəzetin bir qəliz redaktoru vardı, belə sözləri görən kimi dərhal fatihəsini verib üstündən xətt çəkirdi. Hansı əsasla?! Orasını da yazım. Redaksiyanın, qocaman bir qarovulçusu vardı. Redaktor Cəfər Cabbarlının dilimizə gətirmək istədiyi hər yeni sözlə rastlaşan kimi onu çağırırdı: – Tez gəl mənimlə rubəru (üz-üzə, tet-a-tet) əyləş. Kişi gəlirdi, redaktor ondan soruşurdu ki, bu bildiriş sözü, var ha, o nədir bilirsənmi?! O da çiynini çəkirdi: – Mən nə bilim?! Sonra Cəfər Cabbarlı işin çəmini tapdı. Əvvəldən qarovulçunu aparırdılar kababxanaya. Onu kefi istəyən pitiyə, bozbaşa qonaq edirdilər. Sonra da başa salırdılar ki, bax redaktor bu gün səndən filan sözü soruşacaq, deyərsən ki, bilirəm bu nə sözdür, mənası da bax, belədir. Bir azdan redaktor həqiqətən kişini onunla rubəru əyləşməyə çağırırdı. O da başlayırdı bayaq kababxanada öyrəndiyi semantik mənaları bülbül kimi ötməyə. Redaktorsa fakt qarşısında qalıb daha yeni sözləri poza bilmirdi.

Vətənim Media Shorts

YouTube-da aç ↗