◷ 10 İyun 2018 · 08:57 · ◉ 1. 616 Maraq göstəricisi
· ● 0 nəfər hazırda oxuyur
(hekayə)
Mənim Zəmanə adında gənc bir iş yoldaşım var idi. İyirmi ildən çox idi ki, şirin-şəkər nənəsinin adını fəxarətlə daşıyırdı. Zəmanə ata-anası ilə yataqxana tipli köhnə binada kirayədə yaşayırdı. Lakin nə atası Ağa, nə anası Xanım, nə də Zəmanə bunu özünə dərd eləyirdi, həmişə də bir-birinə can deyib, can eşidirdilər…
Amma çox çəkmədi ki,Zəmanə iş yoldaşları arasında öz adına görə xəcalət çəkməyə başladı. Səbəbi də bu oldu ki, maaşın azlığından, bazarda qiymətlərin qalxmasından, marşurutdakı bashabasdan, yollardakı tıxacdan giley-güzar edənlər tez-tez zəmanəni qınayırdılar, hətta ona lənət də yağdırırdılar. Zəmanə xanım da bundan çox məyus olurdu. Bəzən yarızarafat, yarıciddi deyirdi: “Axı, mən yazığın nə günahı var? Niyə hamınız məni söyüş hədəfinə çevirmisiniz?”
Günlərin bir günü o, işdən çıxdığını bildirib, bizimlə vidalaşdı. Dedim, yəqin hamımızdan inciyib getdi, yazıq qız hər gün zamanənin ünvanına deyilən qınaqlardan bezib-usandı. Kimsə, dedi ki, rəhmətliyin oğlu, o, özünə çox bərkgedən bir holdinqdə iş tapıb! İndi yaxşı əmək haqqı alan təzə iş yoldaşları zamanəni ağız dolusu tərif edirlər. Xorla “Gözəl zəmanə…” oxuyurlar. Düşünürdüm ki, daha Zəmanə adından məmnun olar… Fəqət bu yaxınlarda rastlaşanda onu tanımadım, özü kimi adı da dəyişmişdi. Dediyinə görə adını dəyişməsinə maraqlı bir əhvalat səbəb olub. O, sevinə-sevinə həmin əhvalatı mənə belə nəql elədi. “Bir dəfə ata -anamla şəhərə gəzməyə çıxmışdım. Fəvvaralər Meydanından ötüb keçəndə geyim-keçimindən İrandan gələn turistə oxşayan bir qadın atama yaxınlaşıb: “Ağa, – dedi, – dəryayi-Xəzər xiyabaninə necə gedə bilərəm?”
Atam dəniz kənarı bulvara gedən yolu iranlı qadına göstərəndən sonra anam qırsaqqız olub onun yaxasından yapışdı.
– De görüm, o başıçarşablı, tumanının ətəyi yer süpürən qadın səni hardan tanıyır?
Atam nə illah eləsə də anamı başa sala bilmədi ki, qonşu İranda kişilərə müraciət edəndə “Ağa” deyirlər. Anam güya küsübmüş kimi atamdan bir-iki addım irəli addımlamğa başladı. Elə üç-dörd addım bizdən aralanmışdı ki, əlində xeyli limon tutmuş ortayaşlı kişi anama səsləndi:
-Xanım, Lənkəran limonudur, götürün, üçünü bir manata satıram …
Anam dayanıb lal-dunməzcə atamın üzünə baxdı. Yəqin limon alıb-almayacağı barədə atamın fikirini bilmək istəyirdi. Atamın da əlinə elə bil göydən fürsət düşmüşdü.
– Bu nədir ay qız, -dedi, – desənə bu limonsatan kişi sənin adını hardan bilir?
Anam gülümsünüb başını buladı. Bu jesti atama barış təklifi idi. Atamsa zarafatyana coşdu:
-Bax e, bütün Azərbaycan səni öz adınla çağırır, mən heç cınqırımı da çıxarmıram…
Mən də onların zarafatına qoşuldum:
-Günah mənim babalarımdadır, -dedim, – adınızı Ağa, Xanım qoyanda nə fikirləşiblər bilmirəm!…
İstəyirdim deyəm ki, “vallah, ay ata nə sən ağa kimi yaşayırsan, nə anam xanım kimi…” Elə bu məqamda rastımıza bir-biri ilə mabahisə edən pəhləvan cüssəli iki gənc oğlan çıxdı. Birdən onlardan biri qayıdıb mənim adımı ucadan çəkdı və ardınca da çox qəliz söyüş söydü.
Mən də ata-anamın üzünə yazıq-yazıq baxıb dedim:
– Eşitdiniz? Siz də mənə nənəmin adını güya onun ruhuna ehtiram əlaməti olaraq qoyubsuz. Amma o yazıq, günahsız nənəm də yəqin bu qəliz söyüşdən sonra gorunda narahat oldu…
… O gün ailə məclisimizdə qərara aldıq ki, qulağımız dinc olsun deyə, hər üçümüz ASAN xidmətə gedib adımızı dəyişək…”
Beləcə Zəmanə öz adını dəyişib Turanə qoyub. Amma ata-anasını hələ də Ağa və Xanım çağırırlar. Hə, onu da deyim ki, Zəmanə xanım iş yerini və adını dəyişəndən sonra köhnə yataqxanada kirayədə yaşamaqdan da canı qurtulub. Valideynləri ilə birlikdə təzə, geniş, rahat üçotaqlı mənzilə köçüb. Hələ bu harasıdır, Turanə xanıma bir neçə yerdən elçi də düşüblər…