Sahibkarlara qazanc qapısı açılır: YENİLİK

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilib.

“Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu”nun vəsaitindən istifadə Qaydası təsdiq edilib. Qaydalarda qeyd edilir ki, Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.

Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib. Bundan əvvəl, Sahibkarlığa Kömək Milli Fondunun tələbinə görə, müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi kredit məbləğinin 6  faizindən, kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə isə kredit məbləğinin 4(dörd) faizindən artıq olmamalı idi. Yeni qaydalara görə, sahibkarlıq subyektlərinə Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər: 

 – 5 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər; 50 001 manatdan 1 000 000 manatadək – ortahəcmli kreditlər; 1 000 001 manatdan 10 000 000 manatadək – böyükhəcmli kreditlər.

Hər bir sahibkarlıq subyektinin Fondun vəsaiti hesabına aldığı güzəştli kreditin (o cümlədən, bir investisiya layihəsi üzrə) maksimum həddi 10 000 000 manatdan artıq ola bilməz.

 Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

– kiçikhəcmli kreditlər üçün – 3 ilədək; ortahəcmli kreditlər üçün – 5 ilədək; böyükhəcmli kreditlər üçün – 10 ilədək.

Güzəşt müddəti

Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətinin xarakterindən asılı olaraq, nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər. Müvəkkil kredit təşkilatı sahibkarlıq subyekti üçün müəyyən etdiyi güzəşt müddəti barədə Fonda məlumat verməlidir.
 Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını hər ayın son iş gününədək ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə hər ayın son iş gününədək hesablanıb ödənilir.

Qeyd edək ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın qarşısında duran aktual məsələlərdən biri olub. Uzun müddətdir dövlət müxtəlif yollarla bu sektorun inkişafına dəstək verməyə çalışsa da, hələ də ölkədə kiçik və orta həcmli sahibkarlığın inkişafına nail olunduğunu söyləmək mümkün deyil. Müşahidələr Azərbaycanda, xüsusilə, kiçik və orta sahibkarların kreditlərə əlçatanlıq səviyyəsinin yüksək olmadığını göstərir. Sahibkarların kredit resurslarına çıxış imkanları məhduddur. Yəni verilən bank kreditlərinin çoxu Bakı şəhərinin payına düşür. Regionlarda yaşayan sahibkarların kredit resurslarına çıxışı məhdud olduğundan, onlar daha çox dövlət xətti ilə verilən kreditlərlə kifayətlənməli olurdular. Bank kreditlərinin isə faiz dərəcələri yüksək, şərtləri ağır olduğundan, bütün sahibkarlar üçün əlçatan deyil.

Maraqlıdır, yeni dəyişikliklərdən sonra Fondun kreditləri əlçatan olacaqmı?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, dəyişikliyin məğzi kreditlərin əlçatan olmasından ibarət olmalıdır: “Doğrudan da Fondun ayırdığı kreditlər kiçik və orta sahibkarlığa xidmət etmiş olmalıdır. Çox təəssüf ki, Fond yarandığı gündən bu vaxta qədər verdiyi kreditlərin 75-80 faizə yaxını iri holdinqlər tərəfindən götürülüb. Say etibarilə çoxdur, amma ümumi məbləğdə kiçik və orta sahibkarlığa çox az kreditləşmə yönəldilib. Say etibarilə ona görə çoxluq təşkil edir ki, kiçik məbləğli 3-5 və 15 min manat civarında çox sayda kreditlər verilirdi. Bununla da ciddi iş qurmaq, yeni iş yerləri açmaq və böyük nəticələr əldə etmək mümkün deyildi. Ləğv olunmuş Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlara verdiyi illik faiz dərəcəsi ən yaxşı halda 7 faiz idi. Amma indi ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir. Bu, orta və kiçik sahibkarlar üçün pozitiv siqnal olmalıdır”.

Ekspert hesab edir ki, Fondun iş prinsipləri dəyişməlidir. İqtisadçının qənaətincə, əsasən kiçik sahibkarlığın stimullaşdırılmasına yönələn addımlar atılmalıdır: “İnkişaf etmiş ölkələrin keçdiyi yola baxdıqda görürük ki, məhz kiçik və orta sahibkarlığın dinamik olduğu ölkələrdə dayanıqlılığa nail olmaq mümkündür. Bu da sözün yaxşı mənasında sabitliyin qorunmasına xidmət edir. Buna görə də, tək faizlərin aşağı çəkilməsi yetərli deyil, Fondun fəaliyyətində də dəyişiklik olmalıdır.

Əsasən kiçik sahibkarlığa və hədəfləri ölçə biləcək layihələrə investisiyalar qoyulmalıdır. Layihələrin iqtisadi pasportu olmalıdır ki, nə qədər iş yeri yaradacaq, ixracatamı xidmət edəcək, nə qədər vergi daxilolmaları proqnozlaşdırılır və.s kimi məsələlər öncədən hazırlanmalıdır. Yalnız o zaman bunun effektini görmək olacaq. Əgər tək illik faiz dərəcəsini aşağı çəkib köhnə qayda ilə işləyəcəklərsə, yəni əsasən iri holdinqləri maliyyələşdirəcəklərsə, ciddi dəyişiklik olmayacaq”.  /Cebhe.info/

Vətənim Media Shorts

YouTube-da aç ↗