Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Füzuli rayon Qorqan kənd sakini Nağıyev Köçəri Əvdil oğlu redaksiyamıza ünvanladığı şikayət məktubunda Baş Prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə deyilir: Cənab Baş Prokuror! Sizə bildirmək istəyirəm ki, mən Nağıyev Köçəri Əvdil oğlu 1948-ci ildə Füzuli rayon Qorqan kəndində anadan olmuşam. Bakı Dövlət Universitetinin tarix fakülitəsini bitirmişəm. 1976-cı ildən tarix müəllimi işləyirəm. Torpaqlarımızın işğalı zamanı çox təəssüflər olsun ki, Füzuli rayonu da erməni birləşmələri tərəfindən işğal edildi.
Bir çox soyadışımız kimi mənim də ailəm öz el-obasından didərgin düşdü. 1992-ci ildə ailəmlə birlikdə Cəlilabad rayon Muğan kəndi ərazisində yerləşən fermanın çoban evində məskunlaşdım. Beş qız övladım, anam, həyat yoldaşım və mən bu evdə torpaqlarımızın azad olacağı günü gözləyərək yaşamağa başladıq. Bir neçə il öncə anam dünyasını dəyişdi. Özəlləşdirilmə zamanı mənə bildirildi ki, çoban evini özəlləşdirməyim məsləhətdir. Mən də yaşadığım çoban evini qızım Piriyeva Tənzilə Köçəri qızının adına keçirdim. Bu evdə artıq 26 ildir ki, ailəmlə yaşayıram. Bu evdən beş qızımı gəlin köçürmüşəm. Cənab Baş Prokuror! Bu yaxında Cəlilabad rayon Muğan kənd sakini, Cəlilabad Baytarlıq İdarəsinin işçisi Murtuz Ağayev məni Cəlilabad rayon məhkəməsinə verərək, evdən çıxarılmağımla bağlı iddia qaldırıb. Murtuz Ağayevin məni evdən çıxarmaq iddiası tam əsassızdır, amma mənə hələ də məlum deyil ki, o, hansı sənədlərlə mənim evdən çıxmağımı tələb edir. O, iddia edir ki, bura onun əmlakıdır. Məhkəmə prosesimizin bu yaxında başlayacaq. Məsələylə bağlı “Qaçqınkom”a müraciət etmişəm. Məsələdən Cəlilabad rayon icra hakimiyyəti də məlumatlıdır. Məsələylə bağlı kənd icra nümayəndəmiz Əhliman Məcidova da müraciət etmişəm.
Sizdən xahişim odur ki, mənə qarşı haqsızlıq edən Murtuz Ağayevin əməli ilə bağlı ölçü götürülməsi üçün müvafiq qurumlara öz göstəriş və tapşrıqlarınızı verəsiniz. Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.

