“National Geographic”in İnstaqram hesabından Xocalı qırğınından sağ qurtulmuş 61 yaşlı Elmira Allahverdiyeva ilə bağlı paylaşımı erməni və azərbaycanlı istifadəçilərin geniş müzakirəsinə səbəb olub.
Belə ki, yazılan 600-dən artıq şərhdə azərbaycanlılar həqiqətləri, ermənilər isə öz yalanlarını müdafiə ediblər. Fotoya çox sayda türk, rus, iranlı və digər əcnəbi istifadəçilər də reaksiya bildirib.
Turkustan.info Axar.az-a istinadən fotonun altına yazılan maraqlı şərhlərdən bəzilərini təqdim edir:
Çinli istifadəçi “su_3640”: “Heç vaxt bu cür kədərli və dəhşətli hekayə eşitməmişdim. İnsanların bir-birilərini niyə öldürdüklərini anlamıram. Ailəsini və yaxınlarını itirmiş insanların həyatlarını davam etdirməsinin nə qədər çətin olduğunu, qatillərin gecələr özləri ilə necə üzləşdiklərini təsəvvürümə gətirə bilmirəm”.
Çinli xanımın bu şərhinə “havk.exe” adlı istifadəçi cavab verib:
“Bəli, ailən olmadan yaşamaq həqiqətən çətindir. Hadisə baş verəndə qış olub. Sağ qalanların çoxu donaraq ölüb. Onlardan biri yeməyə heç nə tapmadıqları üçün qar yediklərini söyləyib. Onlar meşədə 5 gün qar yeyiblər. Dünyadakı ən dəhşəti soyqırımlardan biridir”.
“Natgeo” səhifəsinin bu paylaşımı erməniləri həddən artıq qəzəbləndirib. Onlardan bir çoxu Xocalı soyqırımını inkar edərək Sumqayıt hadisələrini xatırladıblar.
“Gervorgm” adlı erməni istifadəçi nəşrin ünvanına xoşagəlməz sözlər işlədərək bütün erməniləri səhifəni izləməyi dayandırmağa çağırıb. Bu erməninin də cavabını “havk.exe” adlı əcnəbi istifadəçi layiqincə verib:
“Bu reallıqdır, dostum. Həqiqət budur ki, 26 fevral 1992-ci ildə Xocalıda dəhşətli soyqırımlardan biri törədilib. Ancaq siz ermənilər dünyanın bu barədə bilməsini istəmirsiniz. Siz terrorçusunuz!”
Aftandil Şahbazlı adlı azərbaycanlı da erməni istifadəçiyə cavab verməyi özünə borc bilib: “Hey, Aşot, niyə belə? Həqiqəti qəbul edə bilmirsən?”
“Muratdamir” adlı türk istifadəçi isə müzakirələr fonunda ermənilərin riyakarlığını görərək Qorbaçovun dinc nümayişləri yatırmaq üçün Bakıya qoşun göndərməsindən sonra Nobel sülh mükafatına layiq görüldüyünü xatırladıb.
Pikriya Demektraşvili adlı gürcü qızı da Qarabağın Azərbaycan torpağı olduğunu bildirib:
“Bütün Qarabağ Azərbaycan torpağıdır. Ermənilər başqalarının torpaqlarını işğal etməyi sevirlər”.
Qeyd edək ki, dünyanın ən məşhur nəşrlərindən sayılan “National Geographic”in sosial şəbəkə hesablarında 1992-ci ildə erməni quldurlarının törətdiyi Xocalı qırğınından möcüzəli şəkildə sağ qurtulmağı bacaran azərbaycanlı qadın barədə informasiya yerləşdirilib. Nəşrin İnstaqram səhifəsi 61 yaşlı Azərbaycan vətəndaşı Elmira Allahverdiyevanın fotosunu bu sözlərlə paylaşıb:
“Elmira Allahverdiyeva – 61 yaş. Xocalı qırğınından sonra sağ qalmağı bacaranlardan biridir. Foto 22 oktyabr 2017-ci ildə Azərbaycanın Goranboy rayonunda çəkilib”.

