Bələdiyyə sədri: “Sənin oğlun şəhid olmayıb, saçların hədər yerə ağarıb” deyib
“Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid olmuş qardaşımın adına Qubada bir küçə, bir məktəb yoxdur. Özümüz onun adına “Şəhid bulağı” yaratdıq. Onu da sökəcəklər”.
Bu sözləri şəhid Laçın Novruzovun qardaşı Elçin Novruzov “Bizim Yol”-a bildirib.
Şəhid ailəsi uzun illərdir istifadələrində olan torpaq sahəsinin Quba rayonu İkinci Nügədi bələdiyyəsinin sədri Mübariz Qələmiyev tərəfindən satıldığından şikayətçidir. Şikayətçi yerli icra hakimiyyətinə, prokurorluğa və məhkəməyə müraciət edib.
“Atam 8 il öncə vəfat edib. Bir qardaşım da ikinci qrup gözdən əlildir. Mən el arasında Çənlibel gölü adlandırılan Ehtiyyat Su Anbarında nəzarətçi işləyirəm. Bu gölün ətrafında olan torpaq sahəsində anamla və mən qardaşımın adına bulaq yaratdıq. Sonra həmin ərazidə ilin yay aylarında əraziyə gələn turistlərə çay verdik. Sona “besetka” düzəltdim, abadlaşma işi apardım ki, turistlərə xidmət edim. Yaxşı qazanırdıq və dölətə də vergi verirdik. Bu il məlum oldu ki, bələdiyyə sədri uzun illərdir istifadəmizdə olan torpaq sahəsini yeznəsinin adına özəlləşdirib. Sədrin iddiasına görə, torpaq sahəsini 4 il öncə satılıb. Əgər bələdiyyə torpağı satışa çıxarmışdısa, öncə bzə xəbər verərdi. Bizə xəbərdar etmədən satıldığı bildirilir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir. Amma bizə torpaq sahəsi verilməyib, üstəlik də istifadəmizdə olan torpaq sahəsi əlimizdən alınıb”,-deyə şəhidin qardaşı bildirib.
Şikayətçi bildirir ki, bələdiyyə sədri şəhid ailəsini məhkəməyə verib: “Məhkəmə onun xeyrinə qərar çıxardı. Bundan sonra bizi təhqir etdi. Bələdiyyə sədri Mübariz Qələmiyev anama “Sənin oğlun ölməyib, saçların hədər yerə ağarıb” dedi. Təhqir etdiyi üçün bələdiyyə sədrindən polisə şikayət etdik, polis müraciətimizlə bağlı tədbir görmədi”.
Elçin Novruzov bildirir ki, dünən anası və əlil qardaşı Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədovun qəbulunda olublar. İcra başçısı da məsələnin məhkəmə vaistəsi ilə həll olunmasını tövsiyyə edib.
Şəhid ailəsi bələdiyyə sədrinin xeyrinə olan Quba rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklərini bildirirlər.




bizimyol.info
