QAYÇIXANIMLAR

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

…Mən həyatımda ilk dəfə öz doğma övladının xoşbəxtliyini qayçılayan bir xanıma rast gəldim, elə sarsıldım ki, bu əhvaltdan hekayə yazmaq istədim. Amma fikirləşdim ki, bu Azərbaycan üçün tipik hadisə deyil. Bəlkə də adi bir təsadüfdü. Axı bütün analar öz övladlarının xoşbəxtliyini düşünürlər. Fəqət yeddi yaşımdan üzü bəri gördüyümü duyub, duyduğumu dərk etdiyim bu yarıməsrlik ömrümdə bir neçə QAYÇI xanıma rast gəlmişəm ki, onların əməllərindən lap tele-serial çəkmək olar…
Gənc yaşlarımda sevdiyi oğlanın gözündən salmaq üçün öz yaxın rəfiqəsinin uzun saçlarını qayçılayan bir Qayçıxanım tanıyırdım. Oğlana: “Sən onun uzun saçlarına vurulmuşdun. O ağıldan qısa da sənin acığına gedib saçlarını kəsdirib! Hələ mənim saçlarıma bax! Sənin xətrinə uzatmışam …” Əlqərəz , bu minvalla həmin gənc və gözəl oğlanı ələ keçirən Qayçıxanım düz 40 ildir ki, ustalıqla ərinin qohum-əqraba ilə münasibətlərini qayçılayır…
Beş il öncə həyat yoldaşım xəstəxanaya düşəndə ömrümdə ilk də dəfə xəstələrinin ömrünü və cibini qayçılayan ağxalatlı Qayçıxanımlara və Qayçıxanlara rast gəldim. Hətta yoldaşımdan qan analizi götürən bir Qayçıxanım müsbət qan qrupunu səhvən mənfi yazmışdı. Universitetin biologiya fakültəsini bitirən və bu günəcən işsiz qalan qızım məsələni açıb-ağardanda ağxalatlı Qayçıxanım bizə yalvarıb-yaxardı ki, bunu baş həkimə deməyək… “Bir səhvdi olub də…” İndi düşünürəm ki, zərif cins deyə-deyə biz ömrümüz boyu neçə belə Qayçıxanımlara güzəşt edirik?! Onlar da özlərinin “ömür və cibkəsən qaçılarından ” əl çəkmirlər… Və neçə-neçə günahsız adamın ömrünü-cibini qayçılaya-qaçılaya daha yüksək kürsülərə qalxırlar…
Həyat yoldaşım haqqın dərgahına köçəndən sonra bir xanıma uzaqdan – uzağa quşum qonmuşdu. Yaxından tanış olanda mənə verdiyi ilk sual bu oldu : “Sən öləndən sonra yaşadığın mənzil kimə qalacaq?” Görkəmindən ziyalılıq yağan və iki mərtəbədə 6-7 otaqlı mənzili olan bu tamahkar Qayçıxanım da mənim yenidən ailə qurmaq niyyətimə elə qayçı çəkdi ki, indi də bu barədə fikir heç ağlımın ucundan keçmir.
Nəşriyyatda adı çəkiləndə bu günəcən bağrımızın başı göynəyən bir qəzetdə işləyirdim. Qonşu redaksiyada çalışan bir subay Qayçıxanım baş redaktorla dostluq münasibətlərimi elə qaçıladı ki, əlacsız qalıb sevdiyim işimdən istefa verdim. Bir müddət işsiz qaldım… Əvvəllər yeni iş yerimdəki kabinetimə də təcrübəli Qayçıxanımlar gəlib-gedirdi. Elə sanırdım ki, qayçılana-qayçılana mənim də “təcrübəm” artıb. Ancaq sən saydığını say, gör fələk qızı fələkzadələr nə sayırlar… Yox, daha bu yaşımda işsiz qala bilməzdim. Necə olur olsun, özümü qayçılanmaqdan qorumalıydım…. Məcbur olub öz ruhuma dönük çıxdım. Yəni, Qayçıxanımlar hər dəfə qaçılarının “dilini” itiləyəndə yalandan onarı o qədər tərifləyirdim ki, sözlərimdən hayıl-mayıl olub öz barmaqlarını kəsirdilər. Beləcə dadlı-duzlu düşüncələrimi, poetik fikirlərimi “qurban-sadağa” verə-verə özümü qayçılanmaqdan bir təhər qoruya bildim… ( Qayçıxanımlarla Qayçıxanların ulaqlarına qurğuşun)
Beş ay öncə qürbətdə “el qızı” deyə-deyə əzizlədiyim bir dul xanım məndən yaşı otuzu haqlamış oğlunu təmiz, saf əxlaqlı bir azərbaycanlı qızla evləndirmək üçün məsləhət istədi. Məlum oldu ki, oğlan heç yerdə işləmir. İşsiz-gücüz adama hansı qız ərə gedər? Özü də indiki zamanda. Bunlar da bir yana qalsın, həvəslə “El qızı” dediyim xanım sən demə, oğluna gəlin yox dayə axtarırmış. Özü də işləyən, çörəyini öz halal zəhməti ilə qazanan dayə…
Mən anası yaşda zəngin qadınlarla icdivac qurub “kişi” kimi yaşayan alfonslar barədə eşitsəm də həyatda beləsinə rast gəlməmişəm. Amma ilk dəfə quracağı AİLƏ həyatına dörd-beş yaşında bağça uşağının təfəkkürü ilə yanaşan bir gənc görürdüm. Lap mat qalmışdım. Bu vaxtacan anasının və özgələrinin hesabına yaşayan belə gəncə öyüd- nəsihətlər kar eləmirdi. Üstəlik “El qızı” dediyim ANA – Qayçıxanım elimizin toy –nişan adətlərini zərrə qədər də vecinə almaq istəmirdi. Özü də 60 yaşı haqlamış bu xanım “tezbazar” oğlunu evləndrən kimi özünün də ərə getmək niyyətini gizlətmirdi. Çox gözəl, çox pakizə! Niyyətin hara, mənzilin də ora, deyiblər.
Şükürlər olsun ki, bu günəcən həvəslə “El qızı” dediyim növbəti Qayçıxanımın və onun ana uşağı kimi böyütdüyü Qayçıbəyin mənim iştirakımla namuslu bir azərbaycanlı qızın ömrünü qayçılamaq niyyətləri PUÇA çıxdı…
Amma Bir olan Allah bilir, “El QIZI” sözündən pərvazlanıb “gəlin” axtarışında el-el gəzən bu təcrübəli Qayçıxanım hansı el qzının bəxtini qayçılayacaq?

AzərNUR

Vətənim Media Shorts

YouTube-da aç ↗